Səudiyyə Ərəbistanı 2030-cu il dünya çempionatına ev sahibliyi etmək fikrindən daşınıb.
Ednews xəbər verir ki, bu haqda "Marca" məlumat yayıb. Səudiyyə Ərəbistanı, Yunanıstan və Misir 2030-cu ildə keçiriləcək dünya çempionatına birgə ev sahibliyi etmək üçün sifariş təqdim etməli idi.
Bununla belə, real imkanların ətraflı araşdırılmasından sonra Səudiyyə Ərəbistanı hakimiyyəti bu ölkələrin artıq gördüyü işləri nəzərə alaraq, İspaniya, Portuqaliya və Mərakeşin birgə namizədliyinə qalib gəlməyin mümkün olmadığı qənaətinə gəlib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud son saatlarda Yunanıstan və Misir rəsmiləri ilə əlaqə saxlayıb, onlara ölkənin 2030-cu il Dünya Çempionatına ev sahibliyi etmək iddiasında olmayacağı barədə məlumat verib.
Beləliklə, hazırda DÇ-2030-u qəbul etməyə iki birgə namizəd var. Bunlar İspaniya, Portuqaliya və Mərakeş üçlüyü və Argentina, Uruqvay, Çili və Paraqvay dördlüyüdür. Turnirin ev sahibləri 2024-cü ildə bəlli olacaq.