Misirin Ali İnzibati Məhkəməsi Qırmızı dənizdəki Tiran və Sənafir adalarını Səudiyyə Ərəbistanına verməyi qanunsuz hesab edib.
Axar.az xəbər verir ki, adaların təhvil verilməsi barədə saziş 2016-cı ilin aprel ayında Səudiyyə Ərəbistanı kralının Misirə səfəri zamanı imzalanmışdı.
Saziş həmin ilin iyun ayında administrativ hakim tərəfindən ləğv edilmiş və hökumət bu qərardan Ali İnzibati Məhkəməyə şikayət vermişdi.
Akaba boğazının çıxışında yerləşən Tiran və Sənafir adaları strateji əhəmiyyətə malikdir. Adaların təhvil verilməsinin əleyhdarları onların 1906-cı ildən Misirə aid olmasını təsdiqləyən sənədlər təqdim edib. O vaxt Səudiyyə Krallığı hələ mövcud deyildi.
Rəsmi Qahirə Misirin ən iri maliyyə donoru olan Səudiyyə Ərəbistanının adalar üzərindən keçməklə hər iki ölkəni birləşdirəcək körpülər tikəcəyinə ümid bəsləyirdi.