Son günlər Naxçıvanda türk hərbi bazasının yaradılması məsələsi yenidən aktuallıq qazanıb. Bəzi siyasilər hesab edir ki, belə bir addımın atılması Ermənistanda ciddi təşviş və narahatlıq yaratmaqla yanaşı, Azərbaycanın təhlükəsizliyinin daha etibarlı şəkildə təşkil olunmasını da təmin edə bilər.
Eurasia Diary moderator.az-a istinadən xəbər verir ki, açıqlamasında məsələyə münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlu bu ideyanı nəinki dəstəklədiyini, bunu ölkəmizin maraqları baxımından zəruri hesab etdiyini vurğuladı:
“Artıq yeni dünya düzəni formalaşır. Hər kəs öz dostunu, düşmənini və cəbhəsini müəyyən edir. Azərbaycan türk və islam dünyasının ayrılmaz bir parçasıdır. Biz türk və islam dünyasında öz yerimizi möhkəmləndirmək üçün bütün gərəkli addımları atmalıyıq.
Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər. Bir halda ki, bizim düşmənimiz Rusiya ilə müttəfiqlik edir, öz əraizsində rus hərbi bazaları yaradır, Azərbaycan üçün real təhdid formalaşdırır, Azərbaycan da bu təhdidi neytrallaşdırmaq üçün öz ərazisində Türkiyə qoşunlarının saxlanılmasını təşkil etməlidir. Düşünürəm ki, bir müddətdən sonra Türkiyə-Azərbaycan hərbi qüvvələri birləşib vahid bir gücə çevrilməlidir. Necə ki, Rusiya və Ermənistan tərəfi arasında da belə bir müqavilə var ki, hərbi əməliyyatlar zamanı erməni ordusuna rus sərkərdələri rəghbərlik edəcək. Analoji hərbi müttəfiqliyi biz Türkiyə ilə təşkil etməliyik.
Türkiyə dünyanın 5-ci ən güclü ordusudur. NATO-nun üzvüdür, modern orduya sahibdir. Türkiyənin böyük hərbi-sənaye kompleksi var. Özü-özünü təmin edir və s. Bu baxımndan biz Türkiyə ilə hərbi əməkdşalığın inkişafı prosesini sürətləndirməliyik. Yalnız Naxçıvanda deyil, Azərbaycanın bir çox bölgələrində türk hərbi bazaları yerləşdirilməlidir”.