Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Serj Sarqsyanla görüşünün təfərrüatlarını açıqlayıb və bunu nəyə görə məhz indi etdiyinə aydınlıq gətirib.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Ter-Petrosyanın fikrincə, Ermənistanda milli faciənin qarşısının alınması üçün ən yaxşı yol üç prezidentin birliyidir və o, məhz bunu əsas tutaraq ölkənin keçmiş rəhbərləri Robert Koçaryana və Serj Sarqsyana növbədənkənar seçkilərdə birgə iştirak etməyi təklif edib.
Ter-Petrosyan mayın 1-də Sarqsyanla görüşüb və qarşıdakı prezident seçkilərində birgə iştirak etməyi təklif edib. Baxmayaraq ki, bu blok Ermənistanın üç keçmiş prezidentinin Alyansı kimi səmərəli olmazdı.
Amma Sarqsyan Ter-Petrosyanın bu təklifini də qəbul etməyib.
"Həm üçtərəfli, həm də ikitərəfli formatla bağlı bəyanatları açıqlayarkən mən yalnız bir məqsəd güdürdüm – ikinci və üçüncü prezidentlərə ictimai təzyiq göstərmək. Çünki seçkilərdə onlarla blokda iştirak etməyi mümkün hesab edirdim", - deyə Ter-Petrosyan bildirib.
Bununla belə, Ermənistanın birinci prezidenti əvvəlki açıqlamasına verilən reaksiyalara əsasən məqsədinə qismən çatdığını söyləyib. Onun sözlərinə görə, tərəfdarı olmayan bir çox siyasətçi, analitik və jurnalistlər onun təklifini alqşlayıblar.
Xatırladaq ki, ötən gün Ter-Petrosyan Ermənistanın sabiq prezidentlərinin martın 25-də onun təşəbbüsü ilə keçirilmiş görüşünün təfərrüatlarını açıqlamışdı. Ter-Petrosyan demişdi ki, Robert Koçaryana və Serj Sarqsyana növbədənkənar seçkilərdə birgə iştirak etmək təklifi ilə müraciət edib...
Buna cavab olaraq Koçaryanın ofisi bəyan etdi ki, görüşün təfərrüatlarının birtərəfli şəkildə açıqlanması, xüsusən də bu barədə danışan söhbətin məzmununu təhrif edirsə, düzgün deyil.
Sarqsyanın ofisi də Ermənistan dövlətinin keçmiş başçısının görüşün digər iştirakçılarına əvvəlcədən məlumat vermədən açıq bəyanatlarla çıxış etməsindən təəccübləndiyini bildirdi…