Ermənistandan Qazaxıstana yollanan erməni sülməramlılarla bağlı hətta ermənilərin belə məzhəkəyə qoyduğu görüntülər yayılıb.
Dünən Erebuni aeroportuna gedən hərbçilərin maşın karvanının qarşısı bəzi erməni aktivistlər tərəfindən kəsilib. Onlar müxtəlif şüarlar səsləndirərək əsgərlərinin Qazaxıstana göndərilmələrini pisləyiblər. Etirazçılar kolonun qarşısına keçərək, hərbçilərin yola düşməsinə qarşı çıxıblar.
Bundan başqa, sosial şəbəkələrin erməni seqmentlərində Qazaxıstana gedən erməni hərbçilərin bu dəfə də qazaxlara əsir düşəcəkləri barədə ironik paylaşımlar edilib.
Ermənistan mətbuatının şovinist qolu isə Türk Dövlətləri Təşkilatının iclasında Nursultan Nazarbayevin prezident İlham Əliyevi Qarabağ zəfəri münasibətilə təbrik etməsini əsas gətirərək, erməni əsgərlərini qazax xalqından əvəz çıxmağa səsləyib. Həmin materialların altında isə ermənilər müəlliflərə “Bu dəfə Qazaxlara özlərinin “Xocalısını” yaşadaq” kimi fikirlərlə dəstək veriblər.
Bu azmış kimi, dünyada anormal iddiaları ilə məşhurlaşan ermənilər Qazaxıstan ərazisini də virtual olaraq Ermənistan, Tacikistan, Belarus, Rusiya və Çin arasında “bölüşdürüblər”.
Müxalifət isə Baş nazir Nikol Paşinyanı ikiüzlülükdə ittiham edib. Onların fikrincə, iğtişaşlar nəticəsində hakimiyyətə gələn Paşinyanın Qazaxıstana sülməramlı göndərməsi ikiüzlülüyə işarədir.
“Erməni sülhməramlısı” məsələsi Qazaxıstanda da bəzi təbəqələrin etirazı ilə qarşılanıb. Narazı fəallar Azərbaycan əsgəri tərəfindən darmadağın edilən ordunun Türk Dövlətləri Təşkilatının üzvü olan ölkəyə, yəni Qazaxıstana əsgər göndərməsini ironiya kimi dəyərləndiriblər.