Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər dəvətindən yararlanacaq, lakin yaxın gələcək üçün belə planlar yoxdur.
Ednews xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Vladimir Putinin həqiqətən də Türkiyəyə səfər etmək üçün dəvəti var və o, bu dəvətdən mütləq istifadə edəcəyini deyib. Belə bir səfərin tarixi razılaşdırılacaq, lakin yaxın gələcək üçün heç bir razılaşma yoxdur", - Kremlin sözçüsü Rusiya prezidentinin Türkiyədə görüşə dəvət alıb-almaması ilə bağlı sualı cavablandırarkən deyib.
Qeyd edək ki, Türkiyənin KİV-ləri Putinin yaxın günlərdə Türkiyəyə səfərinin gözlənildiyi ilə bağlı məlumat yayıb.
***
11:56
Rusiya Prezidenti Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcəyi gözlənilir.
Ednews xəbər verir ki, bunu “Yeni Şafak” qəzeti yazıb.
Məlumata görə, Rusiyadan yüksək səviyyəli nümayəndə heyəti Ankaraya səfər edəcək. Rusiya Baş nazirinin müavini Aleksandr Novakın rəhbərlik etdiyi ticarət heyəti sabah, mayın 18-də Türkiyədə olacaq. Nümayəndə heyəti iqtisadiyyatla bağlı olan nazirliklərlə yüksək səviyyəli görüşlər keçirəcək.
Qeyd olunub ki, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə bir çox Avropa şirkəti Rusiya bazarından çəkilib. Bu aydan etibarən Rusiya Aİ və Afrikadan heç bir məhsul ala bilməyəcək. Nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə də bu məsələ gündəmdə olacaq. Türkiyə şirkətlərinin Rusiya bazarında yer alması üçün addımlar atılacaq.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı rusiyalı həmkarı Vladimir Putini Ankaraya yüksək səviyyəli işgüzar səfərə dəvət etmişdi. Bu çərçivədə yaxın günlərdə V.Putinin Türkiyəyə səfər edəcəyi gözlənilir.