“Son günlərdə Ermənistan tərəfindən edilən davranışları qınayırıq”.
Ednews xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.
“Dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə insanlığa sığmagan işgəncələr və beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz. Qınayırıq” – deyə səfir vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistanın “təhlükəsizlik” bəhanəsi ilə komandamızı oteldən buraxmadıqları bildirilir.
Xatırladaq ki, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı azarkeşlərdən biri Azərbaycan bayrağını yandırıb. Bununla əlaqədar Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq bildirib ki, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.