Sudanda şiddətli qarşıdurmaların davam etdiyi bir vaxtda uşaq hüquqları ilə bağlı beynəlxalq təşkilatlar və digər qeyri-hökumət təşkilatları ölkədə azyaşlıları təhdid edən təhlükə barədə xəbərdarlıq edib. Beynəlxalq təşkilatlar münaqişə tərəflərini hazırki atəşkəsə əməl etməyə çağırıb.
Ednews "Əl Cəzirə"yə istinadən bildirir ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında döyüşlər başlayandan bəri ən az 9 uşaq ölüb, 50-dən çoxu yaralanıb.
UNICEF, World Vision International və Save the Children təşkilatları milyonlarla uşağın təcili humanitar yardıma və müdafiəyə ehtiyacı olduğunu vurğulayıb.
Döyüşlər başlayandan bəri silahlı qruplaşmalar tərəfindən ələ keçirilən uşaqlar fiziki işlər görməyə məcbur edilir, həmçinin cinsi zorakılıq kimi sui-istifadə hallarına məruz qalırlar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədəki döyüşlər səhiyyənin işini ciddi şəkildə zəiflədib. Səhiyyə müəssisələrinin üçdə biri fəaliyyət göstərmir. Əhali əsas tibbi xidmətlərdən məhrum olub. Təxminən 16 milyon insan, o cümlədən 9 milyondan çox uşağın hazırda humanitar yardıma ehtiyacı var.
Sudan uşaqların qida çatışmazlığından ən çox əziyyət çəkdiyi ölkələrdən biridir. Ölkədə 50 minə yaxın uşaq bu səbəbdən ölüm riski altındadır.
Məktəblərin bağlanması da milyonlarla uşağın təhsildən yayınması ilə nəticələnib. Mənbələr bildirir ki, ölkədə hər 3 qızdan və hər 4 oğlandan 1-i dərsə gedə bilmir.
Törə Zeynal