Sabah Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana səfər edəcək.
Ednews-un “Sputnik-Kazaxıstan”-a istinadən verdiyi xəbərə görə, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin dəvəti ilə Frank-Valter Ştaynmayer 19-21 iyun tarixlərində Qazaxıstanda səfərdə olacaq.
Almaniya və Qazaxıstan prezidentlərinin görüşündə iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivləri, ticari-iqtisadi əlaqələrin genişlənməsi, investisiya qoyuluşunun artırılması, nəqliyyat-logistika və energetika sahələrində əməkdaşlığın inkişafı, o cümlədən humanitar əlaqələrin dərinləşdirilməsi müzakirə mövzusu olacaq.
Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Almaniya Prezidenti Qazaxıstan və Almaniya universitetlərinin rektorlarının forumunda çıxış edəcək, Qazaxıstan-Almaniya Biznes Forumunda qatılacaq.
Almaniya Prezidenti Manqistau vilayətinə səfər etməyi və regionun iqtisadi potensialı ilə tanış olmağı da planlaşdırır.
Qazaxıstan-Almaniya Mühəndislik İnstitutunun açılışında, eləcə də İsveç-Almaniya “Svevind” şirkətinin yaşıl hidrogen istehsalı zavodunda sınaq qazma işlərinin başlanması mərasimində iştirak da Almaniya Prezidentinin səfər proqramına daxildir.