Serbiya vətəndaşları 100 min qanunsuz silah təhvil verib.
Ednews xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç yerli “Tv Pink” televiziya kanalına müsahibəsində deyib.
Serbiya lideri qeyd edib ki, ölkədə qanunsuz silahların müvafiq qurumlara təhvil verilməsi üçün son müddət 30 iyuna qədər müəyyən edilib. Cari ilin 8 may tarixindən indiyə qədər əhalidən qanunsuz silahların toplanması kampaniyası çərçivəsində 100 min silah və partlayıcı qurğu yığılıb.
Qeyd edək ki, ölkənin bir neçə yerində baş vermiş silahlı insidentlərdən sonra Serbiya Prezidenti 7 may tarixində qanunsuz silahların toplanması kampaniyası elan edib.
Vətəndaşlar silah və sursatları mənşəyini göstərmədən özləri polisə gətirib təhvil verə və ya silahın olduğu yer haqda polisə məlumat verə bilərlər.
Qanunsuz silah müəyyən edilmiş müddətdə təhvil verməyənləri 15 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, bu il 3 mayda Belqradın mərkəzində yerləşən məktəbdə 13 yaşlı yeniyetmə iki tapança və “Molotov kokteyli” il’ silahlanaraq təhsil müəssisəsinə gəlib, atəş açıb və nəticədə 9 nəfər - səkkiz məktəbli və bir mühafizəçi həlak olub. Bu hadisə nəticəsində əlavə 6 uşaq və bir müəllim yaralanıb.