Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının iclaslarını sərhədin müxtəlif hissələrində keçirəcək.
Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb.
“Tərəflərin qarşılıqlı razılığı ilə görüşlərin hər dəfə dövlət sərhədinin müxtəlif hissələrində keçirilməsi qərara alınıb”, - məlumatda deyilir.
Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin ermənistanlı həmkarı Mher Qriqoryan ilə iyulun 12-də baş tutmuş dördüncü görüşü zamanı bir sıra təşkilati və prosessual məsələlər müzakirə olunub. Bundan əlavə, iki ölkənin komissiyalarının digər üzvlərinin də iclasda iştirak etdiyi bildirilib.
Tərəflər növbəti görüşün təşkili üçün məkan kimi Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə görüşün Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş bölgəsi ərazisində keçirilməsi barədə razılıq əldə olunub.