Məşhur milyarder İlon Maskın beyin üçün implant çipləri istehsal edən Neuralink şirkəti, sınaq prosesinə başlamaq üçün müstəqil araşdırma şurasından icazə aldığını açıqlayıb.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, Neuralink-in müstəqil araşdırma şurasından təsdiq aldıqdan sonra klinik sınaqlarda iflic olan insanlar üçün beyin implantını sınaqdan keçirmək üçün xəstələr axtardığı bildirilib.
İmplant onurğa beyninin zədələnməsi nəticəsində iflic olan xəstələrdə sınaqdan keçiriləcək. Neuralink təxminən 6 il davam edəcək araşdırmanın harada keçiriləcəyini və neçə iştirakçının olacağı açıqlamayıb.
Qeyd edilib ki, əvvəllər meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürüb.
Beyin implantının təhlükəsiz olduğu sübut olunsa belə, ekspertlər təşəbbüsün kommersiya istifadəsi üçün təsdiqlənməsinin 10 ildən çox çəkə biləcəyini deyirlər.
2016-cı ildən bəri Neuralink şirkəti beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji xəstəliklərin müalicəsini və əlillərin həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, Neuralink-in beyin implantları ilə bağlı ilkin tədqiqatlar mümkün texniki və təhlükəsizlik problemləri nəzərə alınmaqla daha diqqətlə və əhatəli şəkildə aparılmalıdır.
Xəyal Ramiz