Oktyabrın 25-də Finlandiyanın səfiri Antti Helantera Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərhədyanı əməkdaşlıq haqqında sazişin ləğvi barədə məlumat verilib.
Bu barədə Ednews-a Rusiya diplomatik idarəsi bu gün məlumat yayıb.
“Diplomatik nümayəndəliyin rəhbərinə bildirilib ki, ticarət-iqtisadi və regionlararası əlaqələrin, vətəndaşlar arasında birbaşa təmasların kəsilməsi, habelə giriş vizalarının verilməsi məsələlərində milli mənşəyinə görə ruslara qarşı ayrı-seçkilik də daxil olmaqla, Finlandiyanın Rusiyaya qarşı konfrontasiya xarakterli hərəkətlərinə cavab tədbirləri arasında Rusiya tərəfi 2012-ci il aprelin 13-də Helsinkidə imzalanmış Rusiya Federasiyası hökuməti ilə Finlandiya Respublikası hökuməti arasında Rusiya Federasiyası və Finlandiya Respublikası arasında sərhədyanı əməkdaşlığın təşviqi haqqında Sazişin ləğv edilməsi barədə qərar qəbul edib”, - deyə bəyanatda qeyd olunub.
Verilən məlumata görə, səfirə bu sazişin 14-cü maddəsinə uyğun olaraq, onun 90 gün ərzində, yəni 2024-cü il yanvarın 24-də ləğv olunacağı qeyd edilən diplomatik nota təqdim edilib.