Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta Kiyevə gəliblər.
“EDnews” xəbər verir ki, bu barədə Ukraynanın “Obşçestvennoe” nəşri məlumat yayıb.
“Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta fevralın 24-ü, bazar ertəsi səhər saatlarında Kiyevə gəliblər”, - məlumatda deyilir.
Qeyd olunur ki, Avropa İttifaqı (Aİ) liderlərinin olduğu qatarı stansiyada Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak və respublikanın xarici işlər naziri Andriy Sıbıqa qarşılayıblar.
Ukraynada müharibənin başlanmasının 3-cü ildönümündə Kiyevin tərəfdaşı olan liderlər münaqişənin sülh yolu ilə nizamlanması və təhlükəsizlik təminatlarını müzakirə etməyi planlaşdırır.
Kiyevdəki sammitdə ümumilikdə 37 dövlət lideri iştirak edəcək. Onlardan 13-ü şəxsən, 24-ü isə videobağlantı vasitəsilə iştirak edəcək. İclasda Ukraynanın strategiyası, eləcə də təhlükəsizlik təminatı formatları müzakirə olunacaq.
Ukrayna prezidenti Vladimir Zelenski sammiti “dönüş nöqtəsi” adlandırıb.