ABŞ-ın vitse-prezidenti Co Bayden Demokratlar Partiyasının əsas namizədi Hillari Klintonun seçki kampaniyasına qoşularaq, Respublikaçı namizəd Donald Trampı tənqid edib.
"Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, dəstək verdiyi Klintonun Ohayo ştatındakı mitinqində danışan Bayden Trampın xüsusilə xarici siyasət haqqında dediyi fikirləri tənqid edib.
Bayden milyarder iş adamını "xarici siyasətdə cahil olmaq və ABŞ-ın xarici siyasətinə ciddi təhlükə törətməklə" günahlandırıb və onun üçün "dünyadan bixəbər" İfadəsini işlədib.
"Bu insana nüvə silahlarının şifrələrinin verildiyini təsəvvür edirsiniz?" deyən Bayden Trampın NATO haqqında dediyi fikirlərə də münasibət bildirib. Bayden Trampın NATO ilə bağlı sözlərindən sonra Latviya, Litva və Estoniyaya gedərək, dövlət başçılarına ABŞ-ın NATO-ya bağlılıq öhdəliyi mövzusunda zəmanət verdiyini dilə gətirib.