Biz heç vaxt olmadığı qədər nüvə məhvinin astanasındayıq.
“EDnews” xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard sosial şəbəkədə yazıb.
O, 1945-ci ilin avqustunda ABŞ tərəfindən atom bombardmanına məruz qalmış Yaponiyanın Hiroşima şəhərinə son səfəri barədə məlumat verib.
“Bu, hazırda üzləşdiyimiz hər şeyin, ortada olanların reallığıdır”, – Qabbard bildirib.
“Çünki bu gün hamımız heç vaxt olmadığı qədər nüvə məhvinin astanasında olarkən, siyasi elitadan olan müharibə qızışdırıcıları qayğısızcasına nüvə dövlətləri arasında qorxu və gərginliyi artırırlar”.
Qabbard nüvə hücumunun nəticələrindən danışıb və zərbənin qurbanlarının arxiv kadrlarını göstərib. O vurğulayıb ki, müasir nüvə silahları ABŞ-nin 1945-ci ildə istifadə etdiyindən daha güclü olduğu üçün “bu gün bir nüvə döyüş başlığı cəmi bir neçə dəqiqə ərzində milyonlarla insanı öldürə bilər”.