ABŞ ilin sonuna qədər yeni idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə etməyi gözləyir.
“EDnews” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın kabinetinin Ağ Evdə keçirilən iclasında ölkənin maliyyə naziri Skott Bessent bildirib.
"Beləliklə, biz gözləyə bilərik ki, ilin sonuna qədər bu, 300 milyard dollardan çox olacaq", - nazir yeni gömrük rüsumlarından daxilolmaların səviyyəsini şərh edərkən bildirib.
Xatırladaq ki, Donald Tramp aprelin 2-də 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. 10 %-lik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Həmin gün ABŞ Prezidenti bəzi rüsumların 90 gün müddətinə dayandırıldığını elan edib ki, bu da Ağ Evin izah etdiyi kimi, ticarət məsləhətləşmələri ilə bağlıdır.
İyunun 27-də Tramp bildirib ki, təqribən həftə yarım ərzində ayrı-ayrı sazişlər imzalamayacağı bir sıra ölkələrə onların ABŞ bazarına tədarük etdikləri mallara görə rüsum dərəcələri barədə məlumat verəcək. ABŞ administrasiyası son günlərdə bu bildirişləri göndərməyə başlayıb.