Venesuela Amerikanı bu ölkədə keçirilən Qoşulmama Hərəkatının sammitinə qarşı casusluq fəaliyyətində ittiham edib.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Venesuelanın müdafiə naziri Vladimir Padriono Lopez çərşənbə axşamı bildirib ki, cümə və şənbə günləri ABŞ-ın sahil qvardiyasına məxsus bir ədəd "Dash-8" təyyarəsi Qoşulmama Hərəkatının sammitinin keçirildiyi Marqarita adası yaxınlığında aşkar edilib. Bu təyyarə sammitlə bağlı informasiya toplamaqla məşğul imiş.
Venesuelanın müdafiə nazirinin dediyinə görə, bu ölkə qırıcıları ABŞ-ın casusluq təyyarəsini məntəqəni tərk etməyə və Curacao-dakı bazasına geri dönməyə məcbur ediblər.
Lopez Amerikanın bu hərəkətlə beynəlxalq qanunları kobud şəkildə pozduğunu deyib.
Qoşulmama Hərəkatının sammiti şənbə və bazar günləri Venesuelanın Marqarita adasında keçirilib.