ABŞ Prezidenti Donald Tramp Milli Kəşfiyyatın müvəqqəti direktoru Bill Pultiyə istənilən məlumatı məxfilikdən çıxarmaq səlahiyyəti verdiyini açıqlayıb.
EDnews xəbər verir ki, D.Tramp bu barədə açıqlamanı Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə verib.
O qeyd edib ki, Pulti bu vəzifədə qısa müddət çalışacaq: "Bill bu vəzifədə çox qısa müddət olacaq. Lakin orada olduğu müddətdə ona istədiyi hər şeyi məxfilikdən çıxara biləcəyini bildirdim".
Trampın sözlərinə görə, Bill Pulti Milli Kəşfiyyata daha bir-iki ay rəhbərlik edəcək. Onun daimi əvəzləyicisi olması gözlənilən Cey Kleytonun namizədliyinə isə Senatın Kəşfiyyat üzrə Xüsusi Komitəsində iki həftədən sonra baxılacaq.
Qeyd edək ki, Bill Pulti iyunun 19-da Milli Kəşfiyyatın direktoru vəzifəsinin icrasına başlayıb. O, eyni zamanda Federal Mənzil Maliyyələşdirilməsi Agentliyinin rəhbəri və "Fannie Mae"/"Freddie Mac" ipoteka agentliklərinin direktoru vəzifələrini də icra edir. Tramp onun təyinatını iyunun 2-də elan etmişdi. Bu qərar Pultinin kəşfiyyat sahəsində təcrübəsinin olmaması səbəbindən prezidentin siyasi rəqibləri tərəfindən tənqid edilmişdi. Xatırladaq ki, əvvəllər bu vəzifəni Talsi Qabbard tuturdu.








