Çinin şərqində təsirini göstərən "Bavi" tayfunu səbəbindən milyonlarla insan təhlükəsiz ərazilərə köçürülüb, hava nəqliyyatında isə ciddi məhdudiyyətlər tətbiq edilib.
EDnews xəbər verir ki, yerli KİV-in məlumatına görə, təbii fəlakət nəticəsində 2,4 milyondan çox sakin təxliyə olunub. Tayfun yaşayış evlərinə və elektrik xətlərinə də ziyan vurub.
Pis hava şəraiti səbəbindən Şanxayın Pudun və Honqçyao beynəlxalq hava limanlarında reyslərin böyük hissəsi ləğv edilib. Pudun hava limanında 221 reys gecikib, 905 reys isə tamamilə ləğv olunub. Honqçyaoda isə 85 reys təxirə salınıb, 384 reys həyata keçirilməyib.
Məlumata görə, "Bavi" son onilliklərdə regionu vuran ən güclü tayfunlardan biri hesab olunur. Siklon ən yüksək – 5-ci kateqoriyaya aid edilib və Tayçjou şəhəri yaxınlığında küləyin sürəti saniyədə 40 metrə çatıb.
İyulun 12-dən etibarən tayfun materik Çinin sahillərinə çatdıqdan sonra tədricən zəifləməyə başlayıb.
Bundan əvvəl Çin hakimiyyəti əlverişsiz hava şəraiti ilə əlaqədar ölkə daxilində 2 800-dən çox daxili aviareysin ləğv ediləcəyini açıqlamışdı.







