Xəbər verdiyimiz kimi, aprelin 3-də Ərəb Ölkələri Liqasının fövqəladə iclası keçiriləcək. Məsələ ilə bağlı Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmralıyev Eurasia Diary-ə şərh verib.
Onun sözlərinə görə, bu liqada da demək olar ki, əsas müzakirə mövzusu Fələstin məsələsi olacaq. Bildiyimiz kimi, Fələstində son günlər İsraillə sərhəd ərazilərdə ciddi etirazlar başlayıb. Artıq 15 nəfərin ölümü haqqında məlumat var.
Ancaq əvvəlki toplantılar kimi bu toplantıdan da ciddi bir nəticə əldə olunacağını düşünmürəm. İsraili qınama və ya BMT baş katibinə, yaxud da Təhlükəsizlik Şurasına müraciət formasında primitiv qərarlar verilə bilər. Çünki, bu Ərəb Liqasında hazırda aparıcı dövlətlər olan Misir və Səudiyyə Ərəbistanı kimi ABŞ və İsrailə müttəfiqi dövlətlərdir. Belə olan halda əhəmiyyətlii bir qərar gözləməyə dəyməz", deyə ekspert bildirib.
"Toplantıda həmçinin, Suriya məsələsinin də müzakirə olunacağını düşünürəm. Yaxın gələcəkdə Suriyada Misir və Səudiyyə birgə şəkildə öz siyasətini və təsir dairələrini gücləndirmək istəməsinin şahidi ola bilərik", deyə o qeyd edib.
Qeyd edək ki, aprelin 30-da İsraillə Qəzza zolağının sərhədində hərbçilərlə toqquşmalarda 20-yə yaxın fələstinli ölüb. Həmin gün Qəzza zolağında "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər. Eyni zamanda Qəzza zolağında “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.