Dinimiz özünə zərər vurmağı, fiziki xəsarət yetirməyi məqbul hesab etmir, bu hallardan çəkinməyi təşviq edir. Lakin Kərbəla şəhidlərinə yas tutmaq, hüznlənmək də hər bir müsəlmanın haqqıdır.
Bu sözləri Axar.az-a açıqlamasında ilahiyyatçı Rəsul Mirhəşimli deyib. O bildirib ki, Aşura əqidəsi Allah yolunda şəhid olmağın məktəbi sayılır:
“Hər il bu mərasimin böyük izdihamla keçirilməsi Kərbəlada Hz.Hüseyn (ə) və onun tərəfdarlarının şəhid edilməsinə sayğı duruşu sayılır. İnsan ona əziz olanların itkisinə hüznlənir və bu kədərin nümayiş olunması təbiidir. Çünki kədərli insan adətən hüznünü gizlədə bilmir. Bu kədəri, hüznü yaşayanlara qarışmaq düzgün deyil”.
R.Mirhəşimli Aşura günü keçirilən qanvermə aksiyalarında xalqımızın fəallıq göstərdiyini bildirib:
“Artıq neçə ildir ki, Aşura günü QMİ-nin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilir. Hesab edirəm ki, bu ənənə artıq xalq arasında geniş yayılıb. Bu müsbət ənənə yetərincə təbliğ olunur. Çünki artıq illərdir heç bir çağırış olmadan vətəndaşlar bu savab işi yerinə yetirməyi özünə borc bilir”.
Qeyd edək ki, ötən gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fitva verib. Fitvaya əsasən, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.