Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu təşkilatı keyfiyyətcə yeni səviyyəyə qaldıracaq.
Eurasia Diary xəbər verir ki, bu barədə Day.Az saytına tanınmış ekspert, Pakistanlı siyasi icmalçı Malik Ayyub Sumbal açıqlama verib.
"Azərbaycan Qoşulmama Hərəkatının yüksəlişində çox vacib rol oynayacaq. Ölkənizin təşkilata sədrlik edəcəyi növbəti üç il, Hərəkat üçün təşkilatın özünü yeniləməsi baxımından əhəmiyyətli bir dövr olacaq", Sumbal deyib.
Ekspert eyni zamanda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aktiv və çoxvektorlu xarici siyasətin şübhəsiz, Qoşulmama Hərəkatına kömək edəcəyinə diqqət çəkib.
"Azərbaycan dünyada diplomatiya sahəsində çox böyük potensiala malikdir. Bakı hər zaman regional və beynəlxalq siyasətin mərkəzi olub. Buna görə də əminəm ki, Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatı üçün yeni imkanlar açır" deyə Sumbal əlavə edib.