Müəllif: Mədinə Məmmədova
Vaksin diplomatiyası- dövlətlərin COVID-19 pandemiyası zamanı peyvəndləri xarici siyasət aləti kimi istifadə etməsi qlobal siyasətdə yeni bir mərhələ açdı. Əvvəllər humanitar yardım və səhiyyə əməkdaşlığı kimi sahələr daha çox texniki və qeyri-siyasi istiqamətlərdə qiymətləndirilirdi. Lakin pandemiya şəraitində peyvəndlərin strateji resurs kimi qəbul edilməsi dövlətlərə bu vasitəni geosiyasi təsir güclərini artırmaq üçün istifadə etməyə şərait yaratdı.
Dünyada vaksin istehsalı texnologiyası və resursları məhdud sayda ölkələrin əlində cəmləndiyindən, peyvəndlər qlobal güc mərkəzlərinin “soft power” strategiyasının əsas sütunlarından birinə çevrildi. Bu kontekstdə peyvəndlərin paylaşılması,yəni müəyyən ölkələrə pulsuz və ya sərfəli qiymətlərlə verilməsi yalnız humanitar akt kimi deyil, həm də diplomatik və strateji təsir vasitəsi kimi qiymətləndirildi.
Vaksin diplomatiyasının yaratdığı yeni dünya mənzərəsində bir neçə paralel proses müşahidə olundu.Əvvəla, dövlətlərarası asılılıq yeni formada ortaya çıxdı. Məsələn, vaksinlərə çıxışı məhdud olan ölkələr, peyvəndləri istehsal və ixrac edən ölkələrlə siyasi güzəştlərə getməyə məcbur oldular. Bu, beynəlxalq münasibətlərdə asimmetrik münasibətlərin daha da dərinləşməsinə gətirib çıxardı.İkinci olaraq, peyvəndlərin geosiyasi alət kimi istifadəsi qlobal səhiyyə idarəçiliyində rəqabəti gücləndirdi.
Bir sıra dövlətlər ikitərəfli razılaşmalarla hərəkət etdilər.Nəhayət, vaksin diplomatiyası vasitəsilə bəzi dövlətlər beynəlxalq nüfuzlarını və siyasi imiclərini yenidən formalaşdırmağa çalışdılar. Məsələn, Çin özünü “səhiyyə lideri” kimi təqdim edərək, qlobal liderlik iddiasını bu sahəyə də transfer etdi.Beləliklə, vaksin diplomatiyası bir tərəfdən beynəlxalq yardım və əməkdaşlıq modelinə yeni nəfəs verdi, digər tərəfdən isə qlobal güc rəqabətini yeni, daha incə və mürəkkəb bir müstəviyə daşıdı.
Vaksin diplomatiyasının mənşəyi
Vaksin diplomatiyası termini ilk dəfə pandemiyadan əvvəl də istifadə olunsa da, bu anlayış COVID-19 pandemiyası ilə bərabər daha konkret, daha praktik və qlobal miqyasda geniş bir məna kəsb etdi.
Tarixən, peyvəndlərin diplomatik alət kimi istifadəsi nadir hallarda müşahidə olunub.Məsələn, 1950–60-cı illərdə ABŞ və SSRİ arasında soyuq müharibə dövründə poliomielit və çiçək xəstəliyinə qarşı mübarizə məqsədilə ortaq səhiyyə təşəbbüsləri həyata keçirilmişdi. Bu təşəbbüslər daha çox humanitar məqsədlər daşısa da, dolayısıyla həmin dövlətlərin beynəlxalq nüfuzlarını artırmağa da xidmət etmişdi.
COVID-19 pandemiyası isə vaksin diplomatiyasını tamamilə yeni, daha mürəkkəb və sistemli bir xarici siyasət alətinə çevirdi. Dünya miqyasında peyvəndlərin tələbatı kəskin artdı, lakin təklif məhdud idi. Bu vəziyyət peyvəndlərə çıxış imkanlarını beynəlxalq siyasətin əsas müzakirə predmetlərindən birinə çevirdi. Pandemiyanın ilk aylarında peyvəndlərin qeyri-bərabər bölgüsü, xüsusilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dərin fərqliliklərə səbəb oldu.
İnkişaf etmiş ölkələr milyonlarla dozanı əvvəlcədən sifariş edərək, peyvənd ehtiyatlarını öz əhaliləri üçün təmin etdilər. Bu isə Latın Amerikası və Cənubi Asiya kimi bölgələrdə peyvənd çatışmazlığına və səhiyyə böhranına səbəb oldu.
Bu qeyri-bərabərlik fonunda vaksinlər yeni “diplomatik valyuta”ya çevrildi. Dövlətlər peyvəndləri yalnız öz vətəndaşlarını qorumaq üçün deyil, həm də beynəlxalq nüfuzlarını artırmaq, strateji müttəfiqlikləri gücləndirmək və yeni təsir dairələri formalaşdırmaq məqsədilə istifadə etməyə başladılar. Bu yanaşma vaksin diplomatiyasını sadə texniki yardım alətindən çıxarıb, qlobal güc balansının formalaşdırılmasında əsas rol oynayan vasitəyə çevirdi.
Xüsusilə Çin, Rusiya və Hindistan kimi ölkələr vaksinləri diplomatik münasibətlərdə “soft power" strategiyası çərçivəsində istifadə edərək, öz təsir sahələrini genişləndirməyə çalışdılar. Məsələn, Çin “Sinopharm” və “Sinovac” peyvəndlərini yüzdən çox ölkəyə göndərdi və bunu özünün “qlobal sağlamlıq lideri” kimi təqdim etdi. Rusiya “Sputnik V” peyvəndi ilə postsovet məkanı və Latın Amerikası ölkələrində nüfuzunu artırmağa çalışdı. Hindistan isə “Vaccine Maitri təşəbbüsü ilə regional liderlik ambisiyalarını gücləndirdi.
Digər tərəfdən, vaksin diplomatiyası qlobal idarəetmədə və beynəlxalq institutlarda da yeni çağırışlar yaratdı. COVAX proqramı vaksinlərin bərabər və ədalətli bölgüsünü təmin etmək məqsədi ilə yaradılan qlobal təşəbbüs bu diplomatik yarış fonunda öz məqsədlərinə tam nail ola bilmədi. Çünki ölkələr ikitərəfli razılaşmalara üstünlük verərək peyvəndlər üzərində siyasi və iqtisadi təsir imkanlarını qorumağa çalışdılar.
COVID-19 pandemiyası vaksin diplomatiyasını yalnız səhiyyə siyasətinin deyil, həm də xarici siyasət və milli təhlükəsizlik strategiyalarının ayrılmaz bir hissəsinə çevirdi. Bu isə dövlətlər arasında yeni növ münasibət formatlarının və rəqabət mexanizmlərinin yaranmasına səbəb oldu. Artıq peyvəndlər təkcə insan sağlamlığı üçün deyil, eyni zamanda dövlətlərin siyasi manevr imkanlarını müəyyən edən strateji resursa çevrilib.
Qlobal Səviyyədə Peyvənd Diplomatiyası: Güc Mübarizəsinin Yeni Cəbhəsi
Çin pandemiyanın erkən mərhələlərindən etibarən öz peyvəndlərini,yəni Sinopharm və Sinovacı inkişaf etdirərək, beynəlxalq arenada “vaksin təminatçısı” rolunu oynamağa başladı. Xüsusilə,Latın Amerikası, Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrinə milyonlarla doz peyvənd bağışlandı və ya aşağı qiymətlərlə ixrac edildi. Bu proses çərçivəsində Çin "Health Silk Road"adlandırdığı təşəbbüslə öz “Bir Kəmər, Bir Yol” Belt and Road İnitiative"strategiyasını tamamlayan yeni bir humanitar diplomatiya modeli yaratdı.
Pandemiyanın ilk mərhələsində ABŞ və Avropa İttifaqı peyvəndlərin böyük hissəsini daxili ehtiyaclar üçün saxladılar. “Vaksin milliyyətçiliyi” ilə ittiham olunsalar da, sonrakı mərhələdə onlar beynəlxalq səhiyyə təşəbbüslərinə xüsusilə ÜST-nin COVAX proqramına milyardlarla dollar dəstək verərək, qlobal humanitar diplomatiyada dominant mövqe əldə etməyə çalışdılar.Hindistan pandemiyanın ilk mərhələlərində dünyanın ən böyük vaksin istehsalçısı kimi çıxış etdi.
"Serum Institute of India" dünyanın müxtəlif biotexnoloji şirkətləri ilə əməkdaşlıq edərək, milyonlarla doz peyvənd istehsal edib dünyanın müxtəlif ölkələrinə ixrac etdi. Bu strategiya çərçivəsində Hindistan “Vaccine Maitri” adlı proqramla Cənubi Asiya, Afrika, Karib hövzəsi, Balkanlar və Mərkəzi Asiya ölkələrinə vaksin göndərdi.Lakin Hindistan daxilində pandemiya nəzarətdən çıxanda, bu proqram dayandırıldı və ölkə vaksin ixracını müvəqqəti olaraq qadağan etdi. Bu isə beynəlxalq arenada onun etibarlılığına müəyyən mənfi təsir göstərdi.
Rusiya vaksin diplomatiyasına özünəməxsus yanaşma sərgilədi. İlk təsdiqlənmiş COVID-19 peyvəndlərindən biri olan "Sputnik V" bir tərəfdən qərb peyvəndlərinə alternativ yaratdı, digər tərəfdən isə postsovet məkanında və Latın Amerikası ölkələrində nüfuzunu artırmağa çalışdı. Pandemiya, bu mənada, dövlətlərin böhranlar zamanı necə hərəkət etdiyini, hansı prioritetləri əsas götürdüyünü və qlobal sistemdə hansı rol iddiasında olduqlarını açıq şəkildə nümayiş etdirdi.
Pandemiya Dövründə Beynəlxalq İmicin Yeni Üzləri
Soft power- bir dövlətin zor tətbiq etmədən, cəlbedici mədəniyyət, dəyərlər və siyasətlər vasitəsilə digərlərinə təsir etmə qabiliyyətidir.Vaksin diplomatiyası çərçivəsində ölkələr yalnız texnoloji və tibbi uğurlarını nümayiş etdirməklə kifayətlənmədilər, eyni zamanda beynəlxalq ictimaiyyət qarşısında humanitar, məsuliyyətli və etibarlı aktor kimi çıxış etməyə çalışdılar. Bu isə onların "soft power" resurslarını genişləndirməyə və imiclərini gücləndirməyə xidmət etdi.Vaksin yardımı edən və paylaşımçı mövqe sərgiləyən ölkələr qlobal ictimaiyyətdə daha etibarlı və lider kimi qəbul olundu.
Çin və Hindistan öz peyvəndlərini pulsuz və ya çox aşağı qiymətlərlə paylaşmaqla bu imici formalaşdırmağa çalışdılar.Pandemiya dövründə peyvənd həyatla ölüm arasında sərhəd kimi qəbul edilirdi. Bu şəraitdə peyvənd göndərən ölkələr “xilasedici” obrazı ilə önə çıxdılar. Bu obraz, xüsusilə qlobal cənub ölkələrində həmin dövlətlərə qarşı emosional və strateji yaxınlıq yaratdı.
Vaksin diplomatiyası dövlətlərin yumşaq güc imkanlarını praktik və ölçülə bilən bir formaya çevirdi. Əgər əvvəlki dövrlərdə yumşaq güc əsasən mədəniyyət, təhsil və beynəlxalq təşkilatlar vasitəsilə tətbiq edilirdisə, pandemiya ilə bu spektrə səhiyyə və humanitar yardımlar xüsusilə peyvəndlər də əlavə olundu.
Qərb ölkələri vaksin yardımlarını çox zaman təşkilati strukturlar vasitəsilə həyata keçirdilər və özəl sektorla dövlət sektorunun əməkdaşlığını nümayiş etdirdilər. Çin və Rusiya daha çox ikitərəfli razılaşmalar və dövlət yönümlü diplomatiya vasitəsilə təsir yaratdılar. Bu iki model yumşaq güc tətbiqinin müxtəlif formasını əks etdirirdi.
Bu, beynəlxalq münasibətlər nəzəriyyəsi baxımından da yeni bir yanaşma tələb edir: dövlətlər artıq təkcə “kim daha güclüdür?” sualına deyil, “kim daha faydalıdır və etibarlıdır?” sualına da cavab vermək məcburiyyətində qalır. Vaksinlər bu sualın cavabında əsas rol oynayan yeni alətə çevrildi.
Elmi Əməkdaşlıq:Pandemiya Dövründə Yeni Qlobal Reallıq
COVID-19 pandemiyası təkcə səhiyyə və diplomatiya sahəsində deyil, həm də elm və texnologiya sahəsində beynəlxalq əməkdaşlığın və asimmetrik texnoloji asılılıqların ön plana çıxdığı bir dövr oldu. Peyvənd istehsalı və paylaşımı prosesi, müxtəlif ölkələr arasında elmi əməkdaşlıq formatlarını yenidən qurdu, eyni zamanda qlobal texnoloji güc mərkəzlərinin və asılılıq münasibətlərinin daha da aydın şəkildə ortaya çıxmasına səbəb oldu.
Bəzi ölkələr peyvəndlərin effektivliyi, mutasiyalara qarşı davamlılığı və dozaların uyğunlaşdırılması üçün birgə elmi tədqiqat layihələrinə imza atdı. Məsələn, Çin və Birləşmiş Ərəb Əmirlikləri arasında belə bir əməkdaşlıq baş tutdu.Beləliklə, peyvəndlər üzərindən yenidən formalaşan texnoloji mərkəz periferiya modeli ortaya çıxdı.Mərkəz ölkələr texnologiyanı yaradan və yönləndirənlər ölkələrdir.Periferiya ölkələr isə texnologiyanı alan, tətbiq edən və istehsalı yerli şəraitə uyğunlaşdıran ölkələrdir
Bu struktur yalnız pandemiya dövrünə aid deyil,həm də gələcəkdə digər tibbi texnologiyalar,məsələn diaqnostik sistemlər sahəsində də qlobal güc balansını müəyyən edə bilər.Elmi əməkdaşlıq pandemiya dövründə siyasi güc alətinə çevrildi. Əgər əvvəllər texnologiya diplomatiyası yalnız iqtisadi inkişaf vasitəsi kimi dəyərləndirilirdisə, indi o həm də səhiyyə təhlükəsizliyi, beynəlxalq nüfuz məsələlərinin bir parçasına çevrilmişdir. Bu, dövlətlərin təkcə səhiyyə sistemlərini deyil, qlobal mövqelərini və gələcək tərəfdaşlıq şəbəkələrini də müəyyənləşdirən əsas amilə çevrildi.
Geosiyasi Balansların Dəyişməsi: Pandemiya ilə Formalaşan Yeni Qlobal Arxitektura
COVID-19 pandemiyası yalnız bir səhiyyə böhranı kimi deyil, həm də qlobal güc münasibətlərinin yenidən dizayn edildiyi bir dönəm kimi tarixə düşdü. Vaksin diplomatiyası bu dəyişikliklərin önündə gedən vasitələrdən biri oldu.
Dövlətlərin peyvəndlərə çıxışı, onların istehsal və paylaşım imkanları beynəlxalq arenadakı siyasi və iqtisadi mövqelərinə birbaşa təsir göstərdi.Çin və Hindistan kimi ölkələr peyvənd istehsal və ixracı sahəsindəki fəallıqları ilə ənənəvi Qərb mərkəzli güc strukturuna alternativ bir model ortaya qoydular.
Çin,"Sağlamlıq İpək Yolu” çərçivəsində Asiya, Afrika və Latın Amerikası ölkələrinə milyonlarla doza peyvənd çatdırmaqla qlobal səhiyyə siyasətində humanitar lider obrazını formalaşdırmağa çalışdı.Hindistan “Dünyanın Əczaçılıq Paytaxtı” imicini möhkəmləndirmək üçün “Vaccine Maitri” proqramı ilə peyvənd diplomatiyasını regional güc ambisiyalarının alətinə çevirdi.
Pandemiya dövründə Afrika, Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələri vaksinlərə çıxış üçün əsasən beynəlxalq aktorların yardımına möhtac oldular.Pandemiyanın ilk mərhələsində Qərb ölkələri peyvəndləri əsasən daxili istifadəyə yönəltdi. Bu isə onların beynəlxalq nüfuzuna zərbə vurdu.Vaksin diplomatiyası həm də yeni regional və tematik ittifaqların yaranmasına səbəb oldu.
Pandemiya ilə qlobal güc balansında proqressiv və kompleks dəyişikliklər baş verdi. Vaksin diplomatiyası bu balansın mühüm tənzimləyici alətinə çevrildi. Ənənəvi güc mərkəzləri öz nüfuzlarını qorumaq və yeni aktorlar isə geosiyasi mənzərədə yer tutmaq üçün peyvəndi strateji vasitəyə çevirdilər. Bu isə gələcəkdə yalnız səhiyyə deyil, qlobal idarəetmə, texnologiya və diplomatiya sahələrində də yeni güc münasibətlərinin bərqərar olmasına zəmin yaratdı.
Post-Pandemiya Geosiyasəti: Vaksin Diplomatiyasının Davamlı Təsiri
COVID-19 pandemiyası ilə ortaya çıxan vaksin diplomatiyası yalnız qısa müddətli bir strateji yanaşma deyil, həm də dünya siyasətinin və beynəlxalq səhiyyə idarəçiliyinin gələcəyini formalaşdıracaq davamlı bir miras buraxdı. Bu miras həm qurumlar səviyyəsində, həm də normativ və etik çərçivələrdə öz əksini tapmaqdadır.
Pandemiyadan əvvəl səhiyyə məsələləri əksər hallarda texniki və ixtisaslaşmış institutların sahəsi hesab olunurdu. Səhiyyə, xüsusilə də vaksin və peyvənd strategiyaları, artıq dövlətlərin milli təhlükəsizlik konsepsiyalarının bir hissəsinə çevrilmişdir.Gələcəkdə yeni pandemiyalar, bioloji təhdidlər və qlobal virus yayılmaları yalnız tibbi yox, həm də diplomatik və strateji risk kimi qiymətləndiriləcək.Bu fonda bir çox dövlət yerli biotexnologiya sektoruna böyük sərmayələr yatırmağa başladı, çünki peyvənd hazırlamaq və yaymaq qabiliyyəti artıq yalnız bir səhiyyə məsələsi deyil, qlobal nüfuz və güc faktoru kimi qəbul edilir.
Zəngin ölkələrin milyonlarla doza peyvəndi ehtiyatda saxlaması, yoxsul ölkələrin isə aylarla peyvənd əldə edə bilməməsi qlobal səhiyyə sisteminin struktur problemlərini üzə çıxardı. Gələcəkdə pandemiyalara hazırlıq təkcə tibbi baxımdan yox, həm də siyasi diplomatiya və texnoloji mübadilə mexanizmləri üzərindən reallaşacaq. Vaksin diplomatiyasının yaratdığı miras, təkcə pandemiyanın idarə olunması ilə məhdudlaşmır. Bu proses səhiyyənin qlobal siyasətə daxil olması, elm və texnologiyanın diplomatiya ilə birləşməsi, və qlobal ədalət anlayışının yenidən qurulması kimi dərin və sistematik təsirlərlə yadda qaldı.
Nəticə
COVID-19 pandemiyası təkcə qlobal sağlamlıq böhranı deyildi. Bu, eyni zamanda bəşəriyyətin texnologiyaya, etik dəyərlərə, beynəlxalq həmrəyliyə və güc münasibətlərinə yanaşmasının ciddi şəkildə sınaqdan keçirildiyi dönüş nöqtəsi idi. Vaksin diplomatiyası bu böhranın əsas komponentlərindən birinə çevrilərək, qlobal siyasət, iqtisadiyyat və beynəlxalq hüquq sistemində fundamental dəyişikliklərə səbəb oldu.
İlk baxışda yalnız tibbi vasitə kimi görünən peyvəndlər, əslində, dövlətlərin nüfuz dairələrini genişləndirmək, müttəfiqlər qazanmaq, yumşaq güc yaratmaq və rəqiblərinə təsir göstərmək üçün istifadə etdikləri bir geosiyasi vasitəyə çevrildi. Bu yanaşma göstərdi ki, səhiyyə artıq təkcə ictimai sağlamlıq məsələsi deyil, qlobal strateji planlaşdırmanın əsas sütunlarından birinə çevrilməkdədir.
Vaksin diplomatiyasının tətbiqi zamanı bir çox paradokslar ortaya çıxdı. Bir tərəfdə dövlətlər peyvəndləri paylaşaraq humanitar diplomatiya imici yaratmağa, digər tərəfdə isə onlardan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışdılar. Bu da beynəlxalq münasibətlərdə ikili standartların və siyasi manipulyasiyaların nə qədər yayğın olduğunu üzə çıxardı. Qərb ölkələrinin vaksinlərin ədalətli bölgüsünə dair verdiyi bəyanatlar, reallıqda zəngin ölkələrin peyvəndləri ehtiyatda saxlaması və yoxsul ölkələrin kənarda qalması ilə ziddiyyət təşkil etdi.
COVAX kimi beynəlxalq təşəbbüslər, bu ədalətsizliyi aradan qaldırmaq məqsədi daşısa da, ikitərəfli razılaşmalar, milli maraqlar və qeyri-bərabər güc balansları bu təşəbbüslərin effektivliyini xeyli azaltdı. Nəticədə pandemiya, yalnız tibbi yox, həm də normativ, etik və institusional böhran xarakteri aldı.
Eyni zamanda, vaksin diplomatiyası qlobal texnoloji əməkdaşlıq və informasiya mübadiləsi sahəsində də yeni model və mexanizmlərin yaranmasına səbəb oldu. Bir çox inkişaf etməkdə olan ölkələr, vaksin istehsalında texnoloji asılılıq səbəbilə daha müstəqil biotexnologiya infrastrukturu qurmağın vacibliyini dərk etdilər. Bu isə uzunmüddətli perspektivdə elmi biliklərin paylaşılması, texnologiya transferi və regional əməkdaşlıq tendensiyalarını gücləndirə bilər.
Gələcəyə baxış baxımından, vaksin diplomatiyasının bizə buraxdığı ən mühüm miraslardan biri də budur: pandemiyalara qarşı mübarizə artıq yalnız səhiyyə deyil, eyni zamanda diplomatik, texnoloji və strateji hazırlıq tələb edir. Dövlətlər peyvənd istehsal və paylama gücünü milli təhlükəsizlik strategiyalarına daxil etməkdədir. Bundan sonra qlobal səhiyyə məsələləri beynəlxalq hüquq, iqtisadi siyasət, strateji tərəfdaşlıq və hətta hərbi planlaşdırma sahələri ilə daha sıx şəkildə əlaqələndiriləcək.
Nəticə etibarilə, vaksin diplomatiyası qlobal sistemin nə qədər qeyri-bərabər və həssas olduğunu üzə çıxarsa da, eyni zamanda qlobal həmrəyliyin, texnoloji suverenliyin və səhiyyə diplomatiyasının gələcəkdə nə qədər həyati əhəmiyyət kəsb etdiyini də göstərdi.
Gələcək pandemiyalara qarşı uğurlu mübarizə üçün dünya ictimaiyyəti yalnız texniki imkanları deyil, dəyərləri, siyasi iradəni və beynəlxalq etimadı da yenidən qurmalıdır. Əgər bu böhrandan öyrəndiklərimiz reallaşdırılsa, vaksin diplomatiyası insanlığın daha ədalətli, daha davamlı və daha təhlükəsiz bir dünya nizamı qurmaq yolunda dönüş nöqtəsinə çevrilə bilər.