Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “şəhərsalma naziri” hesab edilən Karen Şahramanyan Ermənistanla Qarabağı birləşdirəcək yeni yolların tikintisindən danışıb.
Eurasia Diary "moderator.az"a istinadən xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, dünən –sentyabrın 4-də keçirdiyi mətbuat konfransında K.Şahramanyan Ermənistanın müvafiq qurumlarının bir neçə marşrut variantı üzrə(Qafan-Zəngilan-Cəbrayıl-Hadrut, Kəlbəcər-Zod-Norabak, Gorus-Xınzirək- Qubadlı və s.) araşdırma apardığını bildirib. Separatçı məmurun sözlərinə görə, həmin araşdırmaların nəticələri işğalçı ölkənin Müdafiə Nazirliyinə təqdim edilib. “Qarabağı Ermənistanla birləşdirəcək 3-cü yol planlaşdırma mərhələsindədir...” -deyə K.Şahramanyan əlavə edib.
Xatırladaq ki, bir müddət öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan işğalçı ölkəni işğal altındakı Azərbaycan əraziləri ilə birləşdirəcək 150 km-lik 3-cü yolun çəkilməsi üçün Paşinyan hökumətinin vəsait ayırdığını bəyan edib.