Sudanın müharibə şəraitində olan Omdurman şəhərində sağ qalmağa çalışan qadınlar yemək qarşılığında əsgərlərlə cinsi əlaqəyə məcbur edildiyini deyirlər.
Ednews xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazır.
Omdurmandakı döyüşlərdən qaça bilməyən iyirmidən çox qadın, Sudan ordusundan olan kişilərlə cinsi əlaqənin ailələrini dolandırmaq üçün yeganə yolu olduğunu söyləyirlər. Bu şəkildə onlar pul və ərzaq ilə təmin olunurlar.
Qurbanlardan biri deyir ki, yaşlı valideynləri və 18 yaşlı qızı üçün yemək almaq üçün əsgərlərlə cinsi əlaqədə olmaqdan başqa seçimi yoxdur.
"Valideynlərimin hər ikisi qoca və xəstədir və mən heç vaxt qızımın yemək axtarmağa getməsinə icazə vermirəm. Mən əsgərlərin yanına getdim və yemək almağın yeganə yolu bu idi - çünki onlar çörək zavodlarının hamısını ələ keçiriblər."
Qeyd edək ki, BMT-nin məlumatına görə, Sudanda 2023 - cü ilin aprelindən davam edən vətəndaş müharibəsi, on minlərlə insanın ölümünə və 10 milyondan çox insanın didərgin düşməsinə səbəb olub. BMT-nin son hesabatında 26 milyona yaxın insanın və ya əhalinin yarıdan bir qədər çoxunun yüksək səviyyədə “kəskin ərzaq təhlükəsizliyi” ilə üzləşdiyi bildirilir.
Əkbər Novruz