Yəmənin Əl-Beyda əyalətində faciəvi hadisə baş verib. İyunun 7-də axşam saatlarında dindarların namaz üçün toplaşdığı Karn əl-Əsəd kəndindəki məscidə naməlum şəxs tərəfindən silahlı hücum həyata keçirilib.
"Al Hadath" telekanalının məlumatına görə, hücum edən şəxs əvvəlcə məscidə qumbara atıb, ardından isə insanlara fərq qoymadan atəş açıb. Nəticədə 9 nəfər həyatını itirib, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralananlar arasında qadın və uşaqların da olduğu bildirilib. Hətta qurbanlardan birinin 12 yaşlı uşaq olduğu açıqlanıb.
Mənbələr təcavüzkarın psixi pozğunluqdan əziyyət çəkdiyini və bu səbəbdən cinayəti törətmiş ola biləcəyini qeyd edirlər. Hücumdan təxminən bir saat yarım sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaq başladılıb.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Hücum bölgəsində təhlükəsizlik tədbirləri gücləndirilib, yerli icmada ciddi gərginlik yaşanır.
Bu hücum bir daha Yəməndəki təhlükəsizlik boşluqlarını və silahlı şəxslərin mülki insanlara yaratdığı təhlükəni gündəmə gətirib.
Fatimə Şükürova // EDnews