“Kəsmə şikəstə”nin bənzərsiz ifaçısı - Fatma Mehrəliyevanın tarixçəsi - SƏSYAZI - VİDEO | Eurasia Diary - ednews.net

2 İyul, Cümə axşamı


“Kəsmə şikəstə”nin bənzərsiz ifaçısı - Fatma Mehrəliyevanın tarixçəsi - SƏSYAZI - VİDEO

Mədəniyyət A- A A+

4 iyun tarixi bənzərsiz əsis ilə yaddaşlarda silinməz iz qoymuş müğənni fatma Mehrəliyevanın doğum günüdür.

Modern.az-ın məlumatına görə, Fatma Yusif qızı Mehrəliyeva 1926-cı il iyun ayında Qubada anadan olub. Orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Müəllimləri onun bu məharətini dəyərləndirərək balaca Fatmanı bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndərirlər. Festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası dahi Üzeyir bəyin (Üzeyir Hacıbəyli) diqqətini çəkir. Və elə bununla Fatma da böyük bəstəkarın himayəsinə keçir.

1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki “Sazçı qızlar” ansamblında işə düzəlir. Gənc müğənninin həzin səsində dahi Üzeyir bəyin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələri daha çox sevilməyə və ifaçısını tanıtmağa başlayır. Musiqisi Üzeyir Hacıbəyovun sözləri Səməd Vurğunun sözlərinə bəstələdiyi “Şəfqət bacısı” mahnısının ilk ifaçısı olan F.Mehrəliyevanın adı dillər əzbərinə çevrilir. Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxildir.

Beləliklə, sənət yolunda uğurla addımlayan F.Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının məharətli ifaçısı kimi şöhrət tapır. Elə bu şöhrət sayəsində o, 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filminə dəvət alır və ekran əsərində Telli rolunu ifa edir. Filarmoniyanın səhnəsində uzun illər çıxış edərək səsi, ifası ilə minlərin, milyonların qəlbinə yol tapan sənətkar dinləyicilərinin yaddaşında «Olmaz-olmaz», “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi”, “Qaragilə” , «Muğan qızı», «Unuda bilmirəm» və s. mahnılarla iz qoya bilib.

Bunun üçün xüsusi səs tembrlərinin olması zəruridir. Azərbaycan muğam ifaçılığı tarixində “Kəsmə şikəstə”nin yalnız Fatma Mehrəliyeva tərəfindən yüksək məharətlə oxunması bir gerçəklikdir. Bir çox qadın ifaçılar istəsələr də, onun kimi bu musiqi nümunəsinə nəfəs verə bilməyiblər.

Azərbaycan musiqi sənətindəki xidmətlərinə görə 1956-cı ildə respublikanın Əməkdar artisti adına layiq görülüb.

F.Mehrəliyeva uzun müddət xəstəlikdən sonra 2000-ci ilin 4 yanvarında vəfat edib. 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...