Mən bu günlərdə Viktoriya və Albert Muzeyinə məktub göndərdim. Bildiyiniz kimi, muzeydə Nizami Gəncəviyə qarşı daha bir təxribat törədilib.
EDNews.net-in məlumatına görə, bu barədə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı akademik Rafael Hüseynov “Nizami Gəncəvi Mədəni İrsi XXI əsr” simpoziumunda çıxışı zamanı bildirib.
“Müxtəlif qüvvələr Nizamini Azərbaycandan ayırmağa, onu başqa millətin nümayəndəsi kimi dünyaya təqdim etməyə çalışırlar. Bunlar hamısı başadüşüləndir. Nizami Azərbaycanı güclü göstərən amillərdəndir. Dövlət başçısı 2021-ci ili “Nizami Gəncəvi İli” elan edibsə, bunun arxasında mütləq siyasi hədəf var. Bu hədəf də ondan ibarətdir ki, biz Nizamini qorumalıyıq”, - R. Hüseynov vurğulayıb.
Qeyd edək ki, Londonda yerləşən Viktoriya və Albert Muzeyi dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı təhrifə yol verib. Belə ki, Nizami “Xəmsə”sinin ikinci əsəri olan “Xosrov və Şirin”dən bir səhnənin yer aldığı eksponat İran dastanından parça kimi təqdim olunub.