Şuşada general-qubernator Xosrov bəy Sultanovun heykəlinin ucaldılması vacibdir... Araşdırma

Mədəniyyət 22:31 16.01.2022
“Şuşada bərpa-təmir edilməli  binalardan biri də Cahangir xan Nuribəyovun evidir… Həmin evdə Qarabağ general-qubernatorluğunun inzibati binası olub…”
 
Azərbaycan  Xalq Cümhuriyyətinin  ilk müdafiə naziri Xosrov bəy Sultanovun rəhbərliyi ilə  Qarabağ general-qubernatorluğunun yaradılmasından 103 il ötür. Daşnak-bolşevik ünsürlərinin Çar Rusiya imperiyasının çökməsi və I Cahan savaşının bitməsindən sonrakı geo-siyasi baxımdan mürəkkəb və ziddiyyətli  dövrdən yararlanaraq  Azərbaycanın Zəngəzur və Qarabağ torpaqlarının xeyli hissəsini işğal etməyə çalışdığı bir zamanda mərkəzi Şuşa olmaqla yaranmış bu qurumun qısa, lakin  şərəfli tarixində bu gün – 44 günlük müzəffər savaşımızdan sonra Qarabağ və Zəngəzurda hələ görüləcək xeyli işləri qalan Azərbaycan xalqı və dövləti üçün də ibrətamiz məqamlar çox olub.
 
 
EDNews.net bildirir ki, bu günlərdə Qarabağ general-qubernatorluğunun Şuşada hansı binada yerləşməsi haqda yeni məlumatlar əldə etmiş tanınmış araşdırmaçı jurnalist, Karabakhmedia.az saytının baş redaktoru Ramil Cəbrayıl Moderator.az-a bu mövzuda maraqlı bir yazı təqdim edib.  
 
“Düşmən işğalından azad edilmiş Şuşada Qarabağ general- qubernatoru Xosrov Paşa Sultanovun adının əbədiləşdirilməsi, heykəlinin ucaldılması olduqca vacibdir. Hesab edirəm ki, bunun çox böyük tarixi əhəmiyyəti var. Paşamızın heykəlinin ucaldılması ermənilərə gözdağı olar…
 
Bildiyimiz kimi, Prezident İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan etdi. 
Əsası Pənahəli xan tərəfindən qoyulan Şuşanın 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək. 44 günlük Vətən müharibəsindən sonra,  2022-ci il “Şuşa ili” elan edilməsi tarixi zərurətdən irəli gəlir. 
 
Mədəniyyət paytaxtı elan edilmiş Şuşada şəhərin  tarixi simasının bərpası yönündə çox böyük layihələr gerçəkləşdirilir. Şəhərin Baş planının hazırlanması,  tarixi, dini və memarlıq abidələrinin bərpası ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.
 
Yenidən qurulan Şuşa şəhərinin bir çox tarixi binaları yenidən bərpa və təmir edilir. Bərpa-təmir edilməli  binalardan biri də XIX əsrin memarlıq abidəsi olan Cahangir xan Nuribəyovun evidir… 
 
Vətənpərvər bir şəxsiyyət olan Cahangir xan Nuribəyovun evi Qarabağ general- qubernatorluğu yaradılandan sonra qubernatorluğun inzibati binası olub.
 
Cahangir xan "Difai" təşkilatının və onun qolu "Qarabağ məclisi"nin üzvü idi. 
 
Cahangir xan Hacı Böyük bəy oğlu 1861-ci ildə Şuşa şəhərində anadan olub. Ata tərəfdən Qatırçı Murad bəyin, ana tərəfdən Bəhmən mirzə Qovanlı- Qacarın nəslindəndir. Şuşa real məktəbini bitirib. Mülkədar idi. Eyni zamanda general- qubernator Xosrov bəy Sultanovla qohum olduqları haqqında məlumatlar var.
 
Qeyd edim ki, Şuşa şəhəri işğal olunana qədər bu binada Şuşa rayon Polis Şöbəsi yerləşirdi. 
 
Qarabağın qalıb GENERALI
 
Onu bir daha xatırlatmaq gərəkdir ki,  Xosrov bəy Sultanov 28 may 1918- cı ildə İstiqlal bəyannaməsinə imza atmış 26 nəfərdən biridir. Azərbaycanın ilk hərbi nazir olaraq adı tarixə düşüb. Qarabağ general-qubernatoru  olaraq ermənilər üzərində qazandığı qələbə tariximizin qızıl hərflərlə yazılan səhifəsidir. Onun hərbi-siyasi uğurlarının nəticəsində daşnakların başçıları Qarabağdan sürgün edildi. 
 
Üzeyir bəy Hacıbəyli Xosrov bəy Sultanov haqqında “Azərbaycan” qəzetinin 1919-cu il 24 iyun tarixli sayında yazırdı:
 
“Həqiqətən, o, Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına tamamilə aşina olan bu zat sağlam bir vücuda malik olan kimi sağlam və salamat politika yerindən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olması idi, burası - Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital olmuşdu”.
 
Xosrov bəy adı və qəhrəmanlıqları dillərdə əzbər, Zəngəzurda erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşmuş Sultan bəy Sultanovun qardaşıdır. Bu qardaşlar ümumi işin xeyrinə hətta illərlə qan düşməni olduqları bəylərin ayağına gedərək, onları bütün gücləri birləşdirməyə, birgə mübarizəyə səsləyiblər. Sultanovlar var-dövlətlərini Türkiyə və İrandan silah-sursat almağa sərf eləmiş, Zəngəzur qazısı Bəhlul Behcət tərəfindən yazılmış Cihad Bəyannaməsi ilə xalqı düşmənə qarşı cihada qaldırmışdılar. Ümumiyyətlə, onların Azərbaycan Xalq Cümhuriyyətinin qorunması yolunda müstəsna xidmətləri olubdur.
 
 
Qarabağ general-qubernatorluğunun yaradılması…
 
Qarabağın dağlıq hissəsində yaşayan ermənilər iyulun 22-də onun "müstəqilliyini" elan etməyə cəhd göstərdilər. Azərbaycan xalqının qatı düşməni Andronik qiyamçı ermənilərə kömək məqsədilə silahsız azərbaycanlıların kütləvi surətdə qıra-qıra Zəngəzurdan Şuşa qəzasına keçdi. Gəncədə yerləşən Cümhuriyyət hökuməti Bakını ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin hərbi qüvvələrinə qarşı mübarizə apardığından, erməni separatçılarının törətdiyi problemi danışıqlar yolu ilə nizama salmağa çalışırdı. Bu məqsədlə Şuşaya nümayəndə heyəti göndərilmişdi. Avqustun 15-də  Andronikin törətdiyi soyqırımlar ilə əlaqədar Ermənistan hökumətinə etiraz notası verilmişdi. Erməni hökuməti iki gün sonra verdiyi cavabında Andronikin guya xüsusi erməni korpusuna "tabe olmadığını" bildirərək bu yalanla məsuliyyətdən yaxa qurtarmağa çalışmışdı. Həmin dövrdə Ermənistan hökuməti Qarabağın Azərbaycanın tərkibində olmasını təsdiq edirdi. Bunu avqustda Şuşaya nümayəndə heyəti göndərmək üçün Ermənistanın Tiflisdəki diplomatik nümayəndəliyinin oradakı (Tiflisdəki) rəsmi Azərbaycan orqanlarına müraciəti də sübut edir. Azərbaycan Xalq Cümhuriyyəti ilə müqavilə əsasında (1918, iyun) dəvət edilmiş türk hərbi hissələri oktyabrda Şuşa şəhərinə, demək olar ki, müqavimətsiz daxil olmuş, ermənilər Azərbaycan Hökumətinin hakimiyyətini qəbul etdiklərin bildirmişdilər. Andronik isə dekabrda guya "ingilislərin Qarabağı onun ixtiyarına verməsi haqqında" şayiə yaymağa başlamışdı. Azərbaycan Hökumətinin sədri Fətəli xan Xoyski dekabrın 20-də parlamentdəki çıxışında buna qarşı etirazını bildirmişdi. Eyni zamanda dekabrın 22-də Bakıdakı ingilis qoşunlarının komandanı Tomson da bu şayiəni təkzib etdi. Buna baxmayaraq erməni separatçıları və Gorusda möhkəmlənmiş Andronik azərbaycanlılara qarşı soyqırımını davam etdirirdi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Daxili İşlər Nazirliyi 1919-ci il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluq yaradılmasını təklif etdi. Hökumət bu təklifi qəbul etdi və yanvarın 13-də həmin qəzalarda müvəqqəti general-qubernatorluq vəzifəsinin təsis edilməsi haqqında qərar çıxardı. Bu vəzifəyə yanvarın 29-da Xosrov bəy Sultanov təyin olundu. Azərbaycan Hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Azərbaycan Hökuməti yanvarın 31-də cavab notasında Qarabağm tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirdi və Qarabağ general qu-bernatorluğunun yaradılmasına Ermənistanın etirazını Azərbaycanın suverenliyinə qəsd və onun daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi.
 
Ermənistan bununla sakitləşməyərək, təzyiqi artırmağa çalışırdı. O, fevralda Britaniyanın Tiflisdəki silahlı qüvvələrinin komandanı Uorkerə müraciət etdi. Müraciətdə Xosrov paşa bəy Sultanovun Qarabağa general-qubernator təyin edilməsinə etiraz olunur, onun səlahiyyətləri etibarsız elan edilirdi. Lakin bu müraciət cavabsız qaldı. Belə olduqda Ermənistan xarici işlər naziri general Tomsona müraciət etdi. Qarabağda yaşayan erməni milli şurası və Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsi Bekzadyan da müxtəlif vasitələrlə ingilis komandanlığına təsir göstərməyə çalışırdı. 1919-cu il martın axırlarında Tomsonun İrəvana səfəri zamanı Ermənistan hökuməti ona təzyiqi gücləndirməyə cəhd etmiş, lakin bu cəhd də nəticəsiz qalmışdı. General Tomsonun nümayəndəsi polkovnik Şatelvort Bakıdan Şuşaya gedərək ermənilərin Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə tabe olmasını tələb etmişdi. Cümhuriyyət Hökuməti isə Ermənistanın əsassız iddialarına baxmayaraq, general-qubernatorluğun fəaliyyətə başlaması üçün tədbirlərini davam etdirirdi.
 
Aprelin 4-də general-qubernatorun orada yerləşən hərbi hissələrə münasibətdə səlahiyyət çərçivəsini müəyyən edən qanun qəbul olundu. Baş nazir Nəsib bəy Yusifbəyli aprelin 14-də Parlamentdə Hökumət bəyannaməsinin müzakirəsi zamanı demişdi: "Qarabağ xüsusunda mübahisə yoxdur". Tomson mayın 5-də Fətəli xan Xoyski ilə keçirilən görüşündə belə şəxslərin sürgün edilməsi haqqında sərəncam verdiyini bildirmişdi. Bütün bunlara baxmayaraq, separatçılar Qarabağda vəziyyəti kəskinləşdirməkdə davam edirdilər. 
 
Bu cür mürəkkəb şəraitdə Qarabağ general-qubernatorluğunun səmərəli fəaliyyəti regionda əmin-amanlığın qorunub-saxlanmasında mühüm rol oynayırdı. General-qubernator X.Sultanov separatçılara qarşı qətiyyətlə mübarizə aparırdı. İyunun 5-də erməni milli şurasının qatı irticaçı üzvləri ingilis komandanlığı nümayəndəsinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edildi. İyunun 6-da isə Azərbaycan batalyonu Şuşanın ermənilər yaşayan hissəsindəki kazarmalarda yerləşdirildi. Burada keçirilən mitinqdə ermənilər Cümhuriyyət Hökumətini tanıdıqlarını bildirdilər. X.Sultanov konkret tədbirlərlə yanaşı, Qarabağ probleminin əsaslı şəkildə həlli proqramının hazırlanmasına da xüsusi önəm verirdi. Onun bu barədəki baxışları Hökumətə təqdim etdiyi məlumat məruzəsində və Bakıda müttəfiq qoşunlarının komandanı Qatelvorqla iyunun 25-də keçirilən görüşündə şərh olunmuşdu.
 
Ermənilər general-qubernatorluğun fəaliyyət prinsiplərini qəbul edərək müzakirələr aparmağa başlamışdılar. Baş nazir N.Yusifbəyli, Gəncə qubernatoru Xudadat bəy Rəfibəyli və hərbi nazir Səməd bəy Mehmandarovun Şuşaya səfəri və orada görülən tədbirlər də general-qubernatorluğun nüfuzunu artırmışdı. Bütün bunların nəticəsində avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzaladılar və ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdilər. Lakin Ermənistan Respublikasının azərbaycanlılara qarşı genişlənən soyqırım siyasəti Qarabağda da vəziyyətin sabitləşməsinə mənfi təsir göstərirdi. Bununla belə, Cümhuriyyət hökuməti Qarabağı diqqət mərkəzində saxlayır, diyarın həyatının müxtəlif sahələrinə dair tədbirlərini davam etdirirdi. Sentyabrın 27-də Şuşada müəllimlər qurultayı keçirilməsi üçün vəsait ayrılması haqqında qərar qəbul edilmiş, ayın 29-da isə general-qubernatorun sərəncamı ilə yardım kimi Qarabağın erməni müəllimlərinə paylanmaq üçün bir milyon manat pul ayrılmışdı.
 
 
Ermənistan hökumətinin siyasəti isə orada yaşayan azərbaycanlıların öz dədə-baba torpağından didərgin düşərək qaçqına çevrilməsinə səbəb olmuşdu. Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarında da minlərlə qaçqın yerləşmişdi. Bu, general-qubernatorluğun işini daha da mürəkkəbləşdirirdi. Oktyabrın 29-da hökumət general-qubernatorluğa dair daha iki qərar qəbul etmişdi. Onlardan biri general-qubernatorluqda fəaliyyət göstərən qulluqçuların maaşının artırılmasına, digəri isə general-qubernatorluğun ehtiyacı və qəzet nəşri üçün mətbəə almaqdan ötrü vəsait ayrılmasına aid idi.
 
1919-cu il noyabrın əvvəllərində ermənilərin Zəngəzurda törətdikləri qətl-qarətlərə qarşı mübarizə məqsədilə general-qubernatorluğa kiçik qoşun hissələri göndərilmişdi. Bununla da Zəngəzurda azərbaycanlıların müdafiəsi sahəsində müəyyən işlər görüldü. Lakin Ermənistan hökuməti separatçılara kömək göstərir, pozuculuq işlərini artırmaqda davam edirdi. Nəticədə müttəfiq dövlətlərin Cənubi Qafqazda Ali komissarının müavini C.Reyin iştirakı ilə noyabrın 23-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli və Ermənistanın baş naziri Xatisov arasında saziş imzalandı. Ermənistan hökuməti bu sazişin şərtlərini pozaraq dekabrın 8-də Zəngəzura qoşun yeritdi. Ermənistan hökuməti Azərbaycan torpaqlarına iddiasını həyata keçirmək üçün silahlı hərbi müdaxilə ilə yanaşı, pul vəsaiti sərf edilməsinə də xüsusi fıkir verirdi.
 
1919-cu ilin axırlarında Ermənistan hökuməti Dağlıq Qarabağın "azad" edilməsi üçün 19 milyon manat pul ayırmışdı. Bütün bunların nəticəsində 1920-ci ilin martında erməni separatçıları daha da azğınlaşdı. Martın 22-23-də Ermənistanın bilavasitə iştirakı və Moskvanın sifarişi ilə Dağlıq Qarabağda Azərbaycana qarşı xəyanətkar çıxışlar baş verdi. Azərbaycan Hökumətinin hərbi və diplomatik tədbirləri nəticəsində martın sonu-apreldə ermənilərin Qarabağdakı düşmənçilik fəaliyyətinin qarşısı alındı. Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını həyata keçirməyə hazırlaşan Sovet Rusiyası və bolşeviklərin ölkə daxilində apardığı pozuçuluq-təxribatçılıq işləri də mühüm rol oynadı.  Təəssüf ki, Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu.
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
11:30 19.03.2024
Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb
11:25 19.03.2024
Fevralda 3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb
11:15 19.03.2024
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
11:10 19.03.2024
Nazirlik internet xidmət provayderlərinə təlimat göndərib
11:05 19.03.2024
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
10:50 19.03.2024
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
10:45 19.03.2024
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ
10:00 19.03.2024
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
09:51 19.03.2024
Bakıda qadın dəm qazından boğularaq ölüb
09:40 19.03.2024
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
09:33 19.03.2024
Sabunçu rayonunda marketin anbarında yanğın olub
09:31 19.03.2024
Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Sabahdan Novruz tətili başlayır
09:19 19.03.2024
Səhiyyə Nazirliyi viruslarla bağlı əhaliyə müraciət etdi
09:16 19.03.2024
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
09:10 19.03.2024
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
09:00 19.03.2024
Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
Hamısı