Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev işindən istefa verib. O, istefasında Xalq artisti Şəfiqə Məmmədovanı günahlandırıb.
“Şəfiqə Məmmədovanın saxta və qanunsuz yolla, heç bir üzvün xəbəri olmadan özünü sədr elan etməsinə etiraz əlaməti olaraq vəzifəmdən ayrılmışam” - deyə açıqlamasında vurğulayıb.
Məsələ ilə bağlı Ednews-a danışan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisi Rasim Balayevin sözlərinə görə, onun olanlardan xəbəri yoxdur.
"Onların haqqında heç bir söz deyə bilmərəm. Kino İttifaqda təzə qurum yaratdılar. Biz Sovetin üzvləriyik, onlar isə təzə yaranıblar. Onların da içində nə baş verir, nə söhbətlər gəzir, bilmirəm. Mən işin içində deyiləm. Bizim ittifaq ayrı ittifaqdır. Gülməli görünsə də 2 ittifaq olmamalıdır. İntəhası, belə yaradıblar, belə də davam edir”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Ayaz Salayev açıqlamasında qeyd etdi ki, məsələdən xəbərdaram, amma Şəfiqə xanım deyib ki, biz toplanacağıq. Bu yaxınlarda yığışacağıq. Qurultay barədə də söhbətlər olmalıdır.
“Şəfiqə xanım sədr deyil hələki, sadəcə dəstək olur. Əli bəyin iddialarına gəlincə isə bu məsələni araşdırmalıyam. Oğlunun maaş almağını və digər məsələlər barəsində. Bu iddialardan xəbərsizəm. Mən dəqiqləşdirəcəm. Min dənə şayələr eşitmişəm, amma kiməsə böhtan atmaq istəmirəm. Sualdan da qaçmıram. Sadəcə məsuliyyətli olmaq istəyirəm”.
Oğuz Ayvaz