Umud Mirzəyev Mahmud Qacarın vəfatı ilə bağlı başsağlığı verib - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Umud Mirzəyev Mahmud Qacarın vəfatı ilə bağlı başsağlığı verib

Mədəniyyət A- A A+

Azərbaycan mətbuatına ağır itki üz verib.

Ednews xəbər verir ki, bu gün jurnalistlistikamızın tanınmış simalarından, istedadlı yazıçı, şair  Mahmud Qacar ömrünün 74-cü ilində vəfat edib. O, bir çox məqalələrində həyatımızın sevinc və təzadlarını, ayrı-ayrı insanların həyat və sənət dünyasını, ağlı-qaralı dünyamızın çalarlarını özünəməxsus şəkildə qələmə alıb. 

Amansız əcəl onu sıralarımızdan aparsa da, Mahmud Qacarın unudulmaz xatirəsi həmişə  oxucuların, onu yaxından tanıyan dost-tanışların, qələm yoldaşlarının qəlbində hər zaman yaşayacaqdır. 

Qeyd edək ki, Mahmud Quliyev 1 sentyabr 1949-cu ildə Füzuli rayonunun Qacar kəndində doğulub. 1976-cı ildə BDU-nun jurnalistika fakültəsini bitirərək Füzuli rayonunda çıxan "Araz" qəzetində fəaliyyətə başlayıb. O, Füzuli rayonunun işğalına qədər davamlı olaraq bu redaksiyada çalışıb 

Mahmud Qacar fəal ictimaiyyətçi kimi də rayonun ictimai-siyasi həyatında yaxından iştirak edib. O, Füzuli rayonunda "Bilik" və "Kitabsevərlər" cəmiyyətlərinin və Rayon Dövlət İdarələri Həmkarlar İttifaqının Komitəsinin sədri kimi çalışıb. "Təfəkkür" elmi jurnalının və "Əsrin səsi" qəzetlərinin baş redaktoru olmuşdur. Mahmud Qacar səmərəli bədii-publisistik fəaliyyətinə görə 1999-cu ildə Azərbaycan KİV Hİ-nin "Kəmalliyyə" diplomuna və "Qızıl Qələm" jurnalist mükafatına layiq görülüb. 

Ədəbi aləmdə öz dəsti-xətti üslubu, bədii- publisistik yazıları ilə tanınan Mahmud Qacar yaradıcılığının əsas ruhunu yurd həsrəti, müqəddəs amallar uğrunda mübarizə təşkil edən kitablarında təlatümlü şair qəlbinin əks sədası olan müxtəlif səpkili lirik şeirləri və poemaları yer almışdır.

Ümumiyyətlə, Mahmud Qacar şeirərində diqqəti cəlb edən zövq oxşayan seçmə qafiyələr, hikmətli qovuşma sözlər, ideomatik ifadələr, təşbeh və təzadlar çoxdur. Onun müxtəlif illərdə yazdığı jurnalist yazılarında,  təmsillərində nadanlıq, nankorluq, yaltaqlıq, qohumbazlıq, lovğalıq, hərdəmxəyallıq, biliyi, gücü çatmayan işə can atmaq kimi insanı alçaldan keyfiyyətlər kəskin tənqid olunur.

Mahmud Qacarın bu günə kimi 8 bədii kitabı işıq üzü görüb. O, “Füzuli şəhidləri”, “Binəqədi şəhidləri”, “Cəddini çağırırıq”, “Müqəddəs ata yurdu”, “Sevməyə dəyərmiş”,  “Sözüm var hələ”, “Bağışla məni, Qacarım”, “Kəsilməyən səslər” kimi kitabların müəllifidir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev xəbərdən kədərləndiyini bildirərək şairin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verib. O, mərhuma Allahdan rəhmət, yaxınları və doğmalarına isə səbr diləyib. Umud Mirzəyev həmçinin qeyd edib ki, Mahmud Qacarın ölümü Azərbaycan mətbuatı üçün ağır itkidir.

Allah rəhmət etsin!



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...