Xəbər verdiyimiz kimi, “Qanun” nəşriyyat evinin rəhbəri, naşir Şahbaz Xuduoğlu Azərbaycan dili haqqında öz facebook hesabında oxuyucuları tərəfindən birmənalı qarşılanmayan fikirlər bildirib. Xuduoğlu bildirib ki, “Dilimizin konstitusiya adı Azərbaycan dili olsa da, bu dil əyalətçilikdən xilas ola bilmədi, milli birlik yaratmadı”.
Onu tənqid edənlərə cavab olaraq deputat Sabir Rüstəmxanlı Ednews-a bildirib ki, Şahbaz Xuduoğlunun ədəbi dil haqqında yazısını da, ona olan rəyləri də anlayışla qarşılamaq lazımdır.
“Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik. Hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Bir təklif irəli sürməklə dil dəyişilməz, ona görə də bu qədər əsəbi rəylərə ehtiyac yoxdur. Məncə, ana dilimizin hörmətli müdafiəçiləri Şahbazın yazısındakı, daha doğrusu, yazının alt qatındakı bir kinayəyə, ağrıya fikir verməyiblər. Şahbaz deyir ki, evində, küçə-bazarda ana dilində danışmırsansa, uşağını ana dilində məktəbə qoymursansa, ana dilində buraxılmış kitabları almırsan və oxumursansa, 32 ildir müstəqilik, hələ də rus dilinin gizli və açıq təbliğatını aparırsansa, ana dilinin qorunması və inkişafı haqqında düşünüb real iş görmürsənsə, ana dilində buraxılan kitablar satılmırsa, bəlkə, dünyada daha geniş yayılan və bizim də rahatca anladığımız və istifadə etdiyimiz Türkiyə türkcəsində oxuyub yazaq”.
Onun sözlərinə görə bu, bir həyəcan siqnalıdır.
“Yatanları oyatmaqdır! Güzgünü qınamaqdansa özümüzə baxaq! Şahbaza hücum çəkməkdənsə dilimizin qayğısına qalaq, onu qoruyaq, başqa dillərə heyranlıqdan əl çəkək, ləyaqətimizi uca tutaq. Şahbazın ana dilimizə xidmətinin onda biri qədər xidməti olmayanların onu ittiham etməsi gülüncdür”.
Deputat, Şahbaz Xuduoğlunun, bu sözləri ədəbi dilimizin taleyinə acıdığı və yandığı üçün belə yazdığını bildirib.
Ayan Rzayeva