Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.
Mehriban Ələkbərzadənin Akademik Milli Dram Teatrına rəhbər təyin olunması nələri dəyişəcək?
Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov Ednews-a bildirib ki, bu təyinatdan gözləntisi yoxdur:
“Mehriban Ələkbərzadə ilə illər öncə heç üzünü görmədən bir konflikt yaşamışdım. Belə ki, 2014-cü ildə Akademik Milli Dram Teatrın səhnəsində "Qatil" tamaşası nümayiş olunurdu. Tamaşanın rejissoru Mehriban Ələkbərzadə və baş rolun ifaçısı Münəvvər Əliyeva məni tamaşaya dəvət etmişdi, mən də Xalq artisti Alim Qasımovu dəvət etmişdim. Tamaşada açıq-saçıq, yataq səhnələri Alim Qasımovu bərk əsəbləşdirib, özündən çıxartdı. Dedi ki, “Əbdül, mən dünyanın heç bir ölkəsində belə biabırçılıq görməmişəm”. Mən və Alim Qasımov buna etiraz olaraq, tamaşanı yarımçıq tərk etdik. Zalda xeyli sayda tələbə var idi, onlar da bizim ardımızca tamaşanı tərk etdilər. Daha sonra mən açıqlama verdim ki, “biz müasir ola, avropalaşa bilərik, amma müqəddəs şeyləri qorumalıyıq. Bizi yaşadan dəyərlər - namus, qeyrət ölçüsüdür. Teatrda elə eybəcər səhnəni elə eybəcər şəkildə təqdim etmək açıq-aydın əxlaqa, dəyərlərə ziddir”. Bundan sonra Mehriban Ələkbərzadə mənim, kişiliyim barədə çox nalayiq, yersiz sözlər demişdi, amma mən ona cavab vermədim. Əgər bir qadın bir kişinin kişiliyinə irad bildirirsə, deməli, onun kişilərlə problemi var, buna başqa ad vermək olmaz.
İndi onun Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunmasına gəldikdə, çox maraqlıdır, bu təyinatları kim edir? O böyüklükdə teatra necə rəhbərlik edə biləcək? Məlum olduğu kimi, Mehriban Ələkbərzadə son müddətə qədər Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində idi. Orada hansı böyük uğurları olub, bu barədə məlumatım yoxdur. Amma məncə, elə orada qalıb işləsəydi, formalaşsaydı, daha yaxşı olardı. Demək ki, bu gün ana teatrımızın səviyyəsi ora gəlib çatıb ki, Mehriban Ələkbərzadə ora rəhbər təyin olunub”.
Oğuz