Bibliya Qərb mədəniyyəti üçün həmişə ədəbi material kimi çıxış edib. Əlbəttə, Şərq poetik nümunələrində də Qurandan təsirlənmələr olub. Bəs görəsən Quran müasir nəsr əsərləri üçün ədəbi material, ədəbi istinadgah rolu oynaya bilərmi?
Ednews bu barədə yazarlardan münasibət öyrənib. Cavabları təqdim edirik.
Etimad Başkeçid
"Quran nəsr əsərləri üçün ədəbi material və istinadgah rolunu həmişə oynayıb, indi də oynamaqdadır. Professor Asif Hacıyevin gözəl bir kitabı var: “Qurani-Kərim rus ədəbiyyatında”. Təkcə bu kitabı gözdən keçirmək kifayətdir ki, böyük rus ədəbiyyatının ən görkəmli simalarının Qurandan nə qədər bəhrələndiyini görəsən. Qurandan təkcə rus ədəbiyyatı bəhrələnmir. Bütün yaradıcılığı “quran motivləri”nə əsaslanan Movlana hazırda ən çox oxunan “şair”dir. Müasir fransız yazıçı, məşhur sənətkar Erik Emmanuel-Şmittin “Müsyö İbrahim və Quran çiçəklər” əsəri göstərir ki, Quran ilham qaynağı və ədəbi material kimi həmişə gündəmdədir. Bunu bir dəfə yazmışdım: biz, nominal olaraq, müsəlman xalqıq, amma ədəbiyyatda Bibliyaya Qurandan daha çox istinad edirik. Bəlkə, bunun xeyirli tərəfləri də var, amma beyinlərdəki eklektizm ədəbiyyatı irəli aparmır".
Səfər Alışarlı
"Bədii yaradıcılıq üçün çox vacib məsələyə toxunursunuz. Biz bəyənsək də, bəyənməsək də, min illərdir ki, səmavi kitablar mənəviyyat təməlləri olaraq həyatımızda durmaqda davam edir. Ən böyük yaradan Allahdır. Yaradıcı insan onunla müqayisədə sıfırdan bir az yuxarıda görünür. Onun müqəddəs adından bizə təqdim edilən Tövrat, İncil və Quran kitabları ilə yanaşı duracaq heç nəyimiz yoxdur. İncil keyfiyyətləri və əxlaqının bədii nəsrə üzvi transformasiyası baxımından Dostoyevski təkdir. Tolstoy da təxminən oralardadı. Amma Tolstoy öz müasirindən fərqli olaraq insana heç vaxt həşərat kimi baxmır. Rus nəsrində bu səviyyənin üçüncü adını xatırlamaqda çətinlik çəkirəm. Bəlkə də Platonov...
Müsəlman aləmində bələd olduqlarımdan Əl Ərəbi zirvəsi var, amma “bir dəfə göydəki bütün ulduzlarla cinsi əlaqəyə girən” bu düha yazıçı deyil, daha çox alimdir. Bizim orta əsrlər ədəbiyyatı o baxımdan çox zəngin dini ənənələrə və konkret biliklərə söykənirdi. Qəribədir ki, bu biliklər o dövr cəmiyyətlərinin həyat və yaşamını sonradan düzgün məcralara yönəldə bilmədilər. Məsələn, şiəlik dini cərəyan olaraq islamın zirvəsi kimi əsasən Səfəvilər arealını əhatə edirdi, amma nəticə etibarilə areal XVIII əsrdən başlayaraq rus işğalını yaşadı. Sual olunur: nəzəriyyəmi səhvdir, ya imperiyanı yönəldən padşahlar yolu azdılar?
Bizim nəsr hələ də dindən cin dəmirdən qorxan kimi qorxur. Halbuki uğur oradan gələn ilahi ədalətin bədii obrazlar vasitəsilə təcəllasındadır. Yaradıcı şəxs bu ilahi ədalət hissinin ölçülərinə nə qədər möhkəm sahib olarsa, bir o qədər xeyir götürər. Həmin standartlar “Qurani-Kərim”də kifayət qədər aydın və açıq təsbit olunub. Məsələn, o küll həqiqətlərdən biri heç nəyə xətir yalan danışmamaqdır.
“Qurani-Kərim”in hikmətlərindən bütün dünya bəhrələnir, onda təsbit olunmuş ilahi ədalət qanunları bütün qərb dövlətlərinin əxlaq və mənəviyyat reyestridir. Biz bunu öz həyatımızda tam bərqərar etmək üçün ilk növbədə müasir incəsənətimizə, xüsusilə nəsrimizə gətirməyi bacarmalıyıq. Və bunun əksini eybəcər ateist təbliğatında etdiyimiz kimi yox, istedadla, dərin elmi və ruhani biliklərə yiyələnməklə etməliyik".
Fəxri Uğurlu
"Bildiyiniz kimi, Şərqdə nəsr ənənəsi cavandır, gəncdir. Qərbdə isə nəsr ənənəsinin yaşı daha çoxdur. Ümumiyyətlə, Şərqlə Qərbi bölmədən deyə bilərik ki, ədəbiyyatda dini kitablardan bəhrələnmələrin çox qədim tarixi var. Şərqdə də Orta əsrlər dövründə poeziyada Qurana, dini rəvayətlərə, hədislərə istinad olunub. Bir məsələni də vurğulamaq istəyirəm. Qurandakı əhvalatlar, peyğəmbərlər haqqında rəvayətlər İncildə, Tövratda da var. Quranın özü də istinad edib. Quran dini rəvayətləri danışmaqdan çox, onlara istinad eləyir. Əvvəlki dini kitablarda da həmin söhbətlər var idi. Məsələn, Yusif peyğəmbər haqqında Əbdürrəhman Caminin “Yusif və Züleyxa” poeması var. Qərbdə isə bu mövzuda Tomas Mann nəhəng bir roman yazıb. Dini kitablardan ədəbiyyat heç vaxt xali olmayıb. Bir də ki, düşünürəm, belə şeylər sifarişlə olmur. Dini motivlər hansısa yazıçının ideyalarına, yazmaq istədiyi mətnə uyğun gəlsə yəqin ki, istinad edər. Bu barədə proqnoz verməyə çətinlik çəkirəm. Güman edirəm ki, dini rəvayətlərə istinad, dini motivlərdən istifadə etmək qədimlərdə də olub, indi də davam edir".
Oğuz