Beynəlxalq Avrasiya Mətbuat Fonduna rəssam Vüsalə Şərifovanın “Vətənin əks-sədaları” əsəri təqdim edilib.
BAMF prezidenti Umud Mirzəyev portretlə bağlı fikirlərini Ednews-a bölüşüb.
“Bu əsər Qarabağ Dirçəliş Fondunun (QDF) “Qarabağın Rəngləri: Gənc rəssamların gözü" ilə layihəsi çərçivəsində təqdim edilib. Vüsalə xanımın “Vətənin əks-sədaları” portreti Qarabağ xanı İbrahimxəlil xanın qızı, tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın bibisi, Qacar şahı Fətəli şahın həyat yoldaşı Ağabəyim xanımın obrazıdır. Ağabəyim xanım İranda yaşayıb və uzun illər vətən həsrəti çəkib.
Onun bayatıda dediyi kimi:
Mən aşiqəm, Qarabağ
Şəki, Şirvan, Qarabağ
Tehran cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ!”
U.Mirzəyev əsərin BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində, Azərbaycanın ilk qadın minaaxtaranlar komandasının yerləşdiyi, təlim keçdiyi binanın giriş lövhəsində yerləşdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edilərək əsər əldə edilmişdir.
Əkbər Novruz