Bu gün – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri, Əməkdar rəssam Arif Məhərrəmovun anım günüdür.
Ednews xəbər verir ki, Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə Göyçə mahalıın Dərə kəndində dünyaya gəlib. 1972-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorəssamlıq fakültəsini bitirib.
Təhsilini başa vurduqdan sonra “Azərbaycanfilm”də çalışıb. Burada yeni texnologiya üzrə çəkilən animasiya filmləri studiyasının əsasını qurub. Kiniostudiyada bir sıra bədii filmlərin və cizgi filmlərinin quruluşçu rəssamı olub: “İşgüzar səfər” (1982, bədii film) , “Qocalar, qocalar (1982, bədii film) , “Münəccimin şagirdi” (1983, animasiya filmi), “Kitabi-Dədə Qorqud. Səkrəyin dastanı” (1990, animasiya filmi), “O dünyadan salam” (1991, bədii film), “Molla Nəsrəddin lətifələri” (1993, animasiya filmi), “Biz qayıdacağıq” (2007, bədii film), “Qala” (2008, bədii film), “Mənim balaca şahzadəm” (2018, animasiya filmi) və s. ekran əsərlərinin bədii tərtibatında rəssam Arif Məhərrəmov özünəməxsus dəst-xətti ilə seçilib.
Arif Məhərrəmov bir müddət Latviyanın paytaxtı Riqada yaşayıb və yaradıcılığını orada davam etdirib. Silsilə qrafika və rəngkarlıq əsərləri yaradıb, bir neçə xarici ölkədə fərdi sərgiləri olub. O, həmişə öz əsərlərində doğma Azərbaycanı tərənnüm edib, vətənin tarixini, ulu Göyçəni, qaçqınlıq həyatı yaşayan soydaşlarımızın həyatını, işğala məruz qalan Qarabağın ağrı-acısını tablolarında, filmlərində əks etdirib.
2000-ci illərin əvvəllərində istedadlı rəssam İstanbula dəvət olunaraq, orada yaşayıb-yaradıb, ardıcıl olaraq beynəlxalq sərgilərdə əsərləri nümayiş etdirilib. 2005-ci ildən Azərbaycanda fəaliyyətini davam etdirən Arif Məhərrəmov kino-multiplikasiya sahəsində, dəzgah rəngkarlığı sahəsində özündən sonra zəngin bədii irs qoyub.
1982-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Arif Məhərrəmov çoxillik səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti, Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2000-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. O, 2022-ci il avqustun 9-da uzun sürən ağır xəstəlikdən sonra 74 yaşında vəfat edib.
Ruhu şad olsun!