Xəbər verdiyimiz kimi,nağdsız əməliyyatların stimullaşdırılmasına başlanılıb. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Nəzərdə tutulan yeni dəyişikliyə əsasən, geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.
Bəs, bu mexanizm necə işləyəcək? Bu dəyişiklik ümumilikdə əhaliyə necə təsir edəcək?
Məsələ ilə bağlı bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Ednews-a açıqlamasında dəyişikliyin mənasının prinsipcə aydın olduğunu deyib:
“Dəyişikliyin əsas məqsədi əhalini nağdsız qaydada alış-verişə sövq etməkdir. Kartla alış-veriş etdiyimiz zaman bizə daha çox ƏDV qayıdacaq. Bununla da Vergi orqanı faktiki olaraq, Azərbaycanda nağdsız hesablaşmaların təşviqini daha da dərinləşdirir”.
Ekspert bu addımın dövlətin xeyrinə olduğunu da bildirib:
“Bu addım dövlətə sərf edir. Çünki, nağdsız ödənişlər prinsipcə yayılacaq, bank müştərilərinin sayı artacaq və nağd pullardan istifadə edənlərin sayı azalacaq”.
Ə.Həsənov bu addımın ticarət şəbəkələrinə və ictimai iaşə obyektlərinə olan təsirləri barədə də danışıb:
“ Bu, həmçinin, Vergi orqanlarına ticarət şəbəkələrinə və ictimai iaşə xidməti göstərənlərə daha yaxşı nəzarət etməyə imkan verəcək. Çünki, nağd puldan istifadə zamanı süi-istifadə halları çox ola bilir, ancaq nağdsız əməliyyatlarda isə bu mümkün deyil.”
Nəzrin Beydiyeva