Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediləcək.
Ednews qanun layihəsi barəsində iqtisadçı-ekspertlərin fikirlərini öyrənib. Cavabları təqdim edirik:
İqtisadçı-eskpert Eldəniz Əmirovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizdə verilə biləcək güzəştləri xatırlasaq və eyni zamanda mövcud yeni qanunla verilmiş güzəştləri sıralasaq görərik ki, böyük həcmdə mümkün güzəştlərin əksəriyyəti məhz bu qanunda öz əksini tapıb.
“Bu güzəştləri qruplaşdırdıqda bilavasitə sahibkarlar üçün 7 istiqamət üzrə güzəşt forması ortaya çıxır. Mənfəət vergisi, əmlak, torpaq, sadələşdirilmiş vergi, eyni zamanda xammal idxalı zamanı ƏDV-dən azad olunma, daha sonra səhmdarların divident gəlirlərindən tutulması və.s. Bunlar kifayət qədər əhatəli mexanizmdir. Güzəştlərdən əlavə burada maliyyə əlçatanlığının təmin olunması üçün əlavə bir mexanizmin də yer alması daha yaxşı olardı. Burada fəaliyyətə başlamaq istəyən sahibkarlar üçün müstəsna bir maliyyə əlçatnalığı təmin olunsun”.
İqtisadçı Əyyub Kərimli açıqlamasında isə bildirib ki, işğaldan azad edilmiş bölgələrdə müəyyən sahələr üzrə iqtisadi inkişafın və sahibkarlıq subyektinin fəaliyyətini stimullaşdırır”.
“Belə ki, göründüyü kimi əsasən nəqliyyat, otelçilik və bəzi istehsalat sahələri üzrə 10 illik vergidən azad olma, orada daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərini Qarabağın azad olunmuş bölgələrində fəaliyyət göstərməyə həvəsləndirir. Düşünürəm ki, bu qanun layihəsi ötən gün ölkə başçısı tərəfindən qəbul edilən “Böyük Qayıdış” proqramından irəli gələn tələblərin qanunvericilik bazasını möhkəmləndirəcək. Sözsüz ki, bu güzəştlər həmin bölgəyə investisiya axınını təmin etməyə hesablanıb”.
Ekspert söhbət əsnasında qeyd edib ki, əsasən nəqliyyat, inşaat və xidmət sektorları azad edilmiş bölgələrə köçəcək insanların az vəsait xərcləməsini təmin edəcək:
“Digər tərəfdən turizm potensialına da təsir göstərəcək. Həmçinin oranın nəqliyyat infrastrukturu və sisteminin daha da optimal fəaliyyətini aktivləşdiriəcək. Hesab edirəm ki, təklif olunan layihə işğaldan azad olmuş bölgələrin iqtisadi inkişafını daha da sürətləndirilməsinə bilavəsitə təsir göstərəcək. İkinci orada investisiya, yatırımların müsbət təsirləri olacaq. Üçüncü isə gələcəkdə orada kiçik və orta biznesin inkişafına müsbət xeyirləri gerçəkləşəcək”.
Oğuz Ayvaz