"Bakı Enerji Forumu indiyə qədər keçirilmiş ən mürəkkəb enerji forumudur. Forum, xüsusilə karbohidrogenlərin və yaşıl enerjinin diversifikasiyası, eləcə də yeni yaşıl enerji layihələrinin qurulması baxımından böyük əhəmiyyət kəsb edir".
“EDnews” xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Macarıstan Energetika Nazirliyinin enerji siyasəti üzrə dövlət katibi Mark Alfoldi Boruss deyib.
O bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə diqqət mərkəzindədir:
"Ən dəyərli məqamlardan biri odur ki, bu forum sadəcə bir tədbir deyil, həm də tərəfdaşlıqların, yeni əlaqə və əməkdaşlıqların qurulduğu bir platformadır.
Dünən Macarıstanın MOL qrupu ilə Azərbaycanın SOCAR şirkəti arasında yeni bir müqavilə imzalanıb. Bu müqavilə dənizdə neft və qaz layihəsi üzrə əməkdaşlığın başlanmasını nəzərdə tutur və biz bunu alqışlayırıq".
"Karbohidrogen layihələri ilə yanaşı, biz dövlətə məxsus MVM qrupu və MOL qrupu ilə birlikdə yaşıl enerji dəhlizi barədə düşünməyə başlamışıq. Bu dəhliz vasitəsilə yalnız ilkin enerji resursları - neft və təbii qaz deyil, həm də bu regiondan Macarıstana birbaşa elektrik enerjisinin idxalı mümkün olacaq. Layihənin qiymətləndirilməsindən sonra ümid edirik ki, 2030-cu ilin ortalarından etibarən həmin yaşıl enerji dəhlizi vasitəsilə Azərbaycandan birbaşa yaşıl elektrik enerjisi idxal edə biləcəyik", - deyə dövlət katibi qeyd edib.