Bu ilin sonuna qədər azərbaycanlı iş adamlarının İspaniyaya səfəri təşkil ediləcək.
“EDnews” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfər həm investisiya layihələri, həm idxal-ixrac əməliyyatları ilə bağlı məsələləri əhatə edəcək.
Y. Abdullayev qeyd edib ki, Azərbaycanla İspaniya arasında ticarət dövriyyəsinin dəyəri 2022-ci ildə 1 milyard ABŞ dollarından çox olsa da, 2023-cü ildə bu rəqəm 899 milyon ABŞ dollarına, 2024-cü ildə enerji resurslarının ixracının azalması səbəbindən 310 milyon ABŞ dollarına düşüb: "Bugünkü görüşün əsas məqsədi ticarət dövriyyəsinin, o cümlədən qeyri-neft-qaz sektoru üzrə ixracın və investisiyaların artmasıdır. Görüşə İspaniyadan 20-dən çox, Azərbaycandan isə 50-dən çox şirkət qatılıb",-deyə o qeyd edib.
Onun sözlərinə görə, İspaniya Azərbaycanın enerji layihələrində iştirak edir, üstəlik bu ölkə alternativ enerji sahəsində böyük təcrübəyə malikdir: "Biz İspaniyanın təcrübəsindən yararlana bilərik".