Azərbaycan Vyetnamla münasibətlərdə irəliləyiş və Bakıda səfirliyin tezliklə açılmasını gözləyir.
“EDnews” xəbər verir ki , bunu Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə Baş katib To Lamın Azərbaycana dövlət səfəri ərəfəsində “The Gioi and Viet Nam Newspaper” qəzetinə müsahibəsində bildirib.
Diplomat bildirib ki, səfər iki ölkənin inkişafının yeni mərhələsində xüsusi və tarixi əhəmiyyət daşıyır.
"Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində iki ölkənin ikitərəfli münasibətlərin müzakirəsi və daha da inkişaf etdirilməsi üçün açıq gündəliyi olacaq. Biz Vyetnam-Azərbaycan münasibətlərinin Bakıda iki ölkənin ali rəhbərlərinin tarixi görüşü sayəsində irəliləyişə nail olacağını gözləyirik", - Ş.Mehdizadə deyib.
Diplomat vurğulayıb ki, bu səfərin nəticəsində iki ölkə arasında turizm, təhsil, informasiya texnologiyaları, nəqliyyat, istehsal, əməkdaşlıq layihələri, kənd təsərrüfatı və ətraf mühit kimi bir çox sahədə əməkdaşlığın gücləndirilməsi ilə bağlı qərarlar qəbul ediləcək.
Fatimə Mərdanlı //EDnews