İngiltərədə altı aylıq körpələr üçün Covid peyvəndinə icazə verilib. Bu barədə Britaniyanın Milli Səhiyyə Xidməti təşkilatı məlumat verib. Belə ki, bundan sonra ölkədə altı aydan dörd yaşa qədər olan uşaqlara Pfizer peyvəndi vurulacaq.
Vaksinin azyaşlılara təsir effektinə gəlincə, Britaniyada Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) vaksinin aşağı dozasının keyfiyyət, effektivlik və təhlükəsizlik standartlarına cavab verdiyini deyib.
Buna baxmayaraq, agentlik bildirir ki, bu barədə qərarın qəbul edilməsi ölkənin Vaksinasiya və İmmunlaşdırma üzrə Birgə Komitənin (JCVI) rəyindən sonra qüvvəyə minəcək. Qeyd edək ki, adı çəkilən komitə Britaniyanın səhiyyə departamentlərinə dair milli peyvənd proqramının bir hissəsi kimi hansı inyeksiyaların istifadə edilməsi haqda məsləhətlər verməkdən məsuldur.
Bundan əlavə, Britaniyanın “Mirror” xəbər agentliyinin məlumatına görə, Pfizer peyvəndi bu yaş qrupunda istifadə üçün nəzərdə tutulub. Məlumatda deyilir ki, yeni vaksinlərin tərkibində 5-11 yaş arası uşaqlarda istifadə ediləndən daha aşağı doza mövcuddur. Çünki pandemiyanın başlanğıcında səhiyyə rəhbərlərini narahat edən miokardit kimi fəsadlar meydana gəlmişdi. Hazırda onun qarşısını almaq məqsədilə uşaqlara aşağı dozalar tətbiq edilir.
Elnur Ənvəroğlu