“Dövlət tibb müəssisələrində həkimlər 6 saat çalışır”.
Ednews xəbər verir ki , bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova deyib.
O, qeyd edir ki, tibbi müayinənin növündən və xüsusiyyətlərindən asılı olaraq iş günü həddi 15-35 pasiyent arasında dəyişir:
"Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır. Xarici ölkələrdə pasiyentlər həkimləri 30 günə qədər gözləyirlər. Ona görə də ölkəmizdəki gözləmə müddətinə öyrəşmək lazımdır.
Sığortaolunanlara tibbi yardımın göstərilməsi ixtisaslaşdırılmış ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq, instrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq, koxlear protez cihazı ve endoprotezin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq gözləmə müddəti ərzində həyata keçirilir".
O, əlavə edib ki, həkimlərimiz orta hesabla hər pasiyentə ən azı 12-15 dəqiqə vaxt ayırır.
Aynurə İsmayıl