Hindistanın Thane şəhərində dəhşətli qatar qəzası baş verib. "The Indian Express"in yaydığı məlumata görə, Mərkəzi Dəmiryolunun sözçüsü hadisəni təsdiqləyərək bildirib ki, iyunun 9-da səhər saatlarında Mumbra dəmir yolu stansiyası yaxınlığında hərəkətdə olan qatardan sərnişinlərin düşməsi nəticəsində azı 5 nəfər həyatını itirib, daha 7 nəfər isə yaralanıb.
Hadisə Chhatrapati Shivaji Maharaj Terminusundan (CSMT) yola düşən Kasara sərnişin qatarı Diva-Mumbra dəmiryolu sahəsindən keçərkən baş verib. Sıxlıq səbəbilə qatarın ayaq barmaqlıqlarına (platforma səviyyəsindən aşağı açıq pilləkənlərə) və qapılarına tutunan sərnişinlər qarşı relslə hərəkət edən digər qatarla toqquşublar.
Mərkəzi Dəmir Yolu rəhbərliyi ikinci bir qatarın qarşı relsdə hərəkətdə olduğunu təsdiqləyib və hadisənin dəqiq səbəblərinin araşdırıldığını bildirib. İlkin məlumata əsasən, qəzanın əsas səbəbi qatarın həddindən artıq dolu olması və sərnişinlərin qatarın hər iki tərəfində – açıq qapılar və barmaqlıqlarda dayanması göstərilir.
Hindistan dəmir yollarında belə sıxlıq hallarına tez-tez rast gəlinir, xüsusilə səhər və axşam saatlarında şəhərlərarası işçi axını zamanı qatarlar həddən artıq dolur. Bu cür hadisələr nəinki ciddi insan tələfatı ilə nəticələnir, həm də ölkənin dəmir yolu infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirir.
Rəsmilər yaralananların xəstəxanalara yerləşdirildiyini və vəziyyətlərinin nəzarətdə saxlanıldığını açıqlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Fatimə Şükürova // EDnews