Timsaha qalib gəldi ölümün pəncəsindən qurtuldu

Avstraliyalı turist Kvinslend ştatında dənizdə çimərkən timsah hücumuna məruz qalıb.

Ednews BBC-ə istinadən xəbər verir ki, yırtıcının hücumuna məruz qalan 51 yaşlı Markus MakQovanın bəxti gətirib. Belə ki, o, başını timsahın ağzından çıxararaq canın qurtara bilib.

Yaxınlıqdakı xəstəxanaya çatdırılan turist dincəlmək üçün gəldiyi adadan 28 kilometr məsafədə bir qrup insanla suda üzdüyü zaman timsahın arxadan hücum etdiyini deyib. O bildirib ki, başını timsahın möhkəm çənələrinin arasından çıxardıqdan sonra heyvan yenidən ona hücum etməyə cəhd göstərib. Lakin o timsahı itələyərək son anda ölümdən qurtula bilib.

Rəsmi qurumlar bildirib ki, son aylarda Avstraliyada bir neçə belə bədbəxt hadisə baş versə də, timsah hücumları nadir rast gəlinən haldır.

Ölkənin əsasən tropik şimalında timsahlar geniş yayılıb.

Kvinslenddə 1985-ci ildən bəri ölümlə nəticələnən 13 timsah hücumu qeydə alınıb.  Burada timsahlar insanların tez-tez üz tutduğu ərazilərdən çıxarılır, evtanaziya isə nadir hallarda edilir.

 

Törə Zeynal

Xalqın sevimlisi Qənirə Paşayevanın HƏYAT YOLU