İran parlamenti ABŞ-nin "SpaceX" şirkətinə məxsus olan "Starlink" peyk interneti xidmətinin istifadəsini rəsmi olaraq qadağan edib.
“EDnews” xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Qəbul edilən qanuna əsasən, sistemə qarşı yönəldiyi hesab edilən və daxili sertifikasiyadan keçməyən bütün internet vasitələri və rabitə cihazlarının istifadəsi, alınması, satışı, idxalı, istehsalı və yayılması cinayət hesab ediləcək. Bu da "Starlink" avadanlıqlarını əhatə edir.
Yeni qanuna əsasən, bu qaydanın pozulmasına görə şəxslər cərimə edilə, şallaq və ya iki ilə qədər həbs cəzasına məruz qala bilərlər.
İran hakimiyyəti daha əvvəl də "Starlink"in istifadəsinə icazə verməmiş, avadanlıqların ölkəyə gətirilməsinə sərt məhdudiyyətlər tətbiq etmişdi. Lakin vətəndaşlar senzuranı aşmaq məqsədilə bu avadanlıqları qara bazarda yüksək qiymətlərlə əldə edərək istifadəyə vermişdilər. "West Asia News Agency"nin məlumatına görə, son iki il ərzində istifadəçi sayı kəskin şəkildə artıb və 2025-ci ilin fevralına olan məlumata əsasən, bu rəqəm 30 minə çatıb.