Hüquq-mühafizə orqanlarının hərəkətləri diplomatik demarşlar üçün əsas ola bilməz.
“EDnews” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan Xarici İşlər Nazirliyinin Yekaterinburqda azərbaycanlıların saxlanması ilə bağlı araşdırma aparılmasını tələb edən bəyanatını şərh edərkən deyib.
“Biz bu cür qərarlara görə ürəkdən təəssüflənirik”, - Peskov bildirib. Onun sözlərinə görə, "Azərbaycan tərəfinin fikrincə, bu cür demarşlara səbəb olmuş hadisələrin səbəblərini və mahiyyətini izah etmək üçün" işi davam etdirmək vacibdir.
Peskovdan Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında danışığın planlaşdırılıb-planlaşdırılmaması da soruşulub. Cavabında o, məsələnin hələ gündəmdə olmadığını deyib. “Lakin digər tərəfdən, tələb olunarsa, təbii ki, bu, ən qısa zamanda baş tutacaq”, - Peskov qeyd edib.
Peskov əlavə edib ki, Rusiya “Azərbaycanla yaxşı münasibətləri” daha da inkişaf etdirməkdə maraqlıdır.
İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.