Ednews yazıçı Əli Həsənliylə müsahibənin ikinci və son hissəsini təqdim edir.
Qeyd edək ki, bu yazıçının ilk müsahibəsidir.
– Bir yazıçı kimi özünüzü bir romançı, yaxud hekayəçi kimi görürsünüz?
– İri həcmli əsərlərə daha çox meylliyəm. Ona görə hekayə yazanda da çox vaxt buruntağını tutub çəkə bilmirəm. Bir də görürəm o dey... hekayəlikdən çıxıb, tamam bir başqa aləmə düşmüşəm. Yazıçılar doğru deyirlər: “Hekayə yazmaq – roman, povest yazmaqdan çətindir. Qısa həcmli hekayələr çox böyük ustalıq tələb edir”. Hər yolnan gedən onunla qələmini sınaya bilməz.
– Əli müəllim, hansı dünya yazıçılarını özünüzə ruhən yaxın sayırsınız, hansı yazıçılar Sizə görə zirvəyə çatıb?
– Mən Fokneri, A.Platonovu, S.Moyemi, Melvili, X.Rulfonu, Yasusi, İnoueni ruhən özümə yaxın bilir, onları daha çox sevirəm. Dünyanın ən qüdrətli yazıçısı belə, ən yüksək zirvəyə çatmayıb. Çünki o zirvənin ardında ondan da yüksək bir zirvə ucalır. Beləcə, bir-birindən yüksək, azman zirvə silsilələri gəlir. Dünyanın sonu olmadığı üçün bu zirvələrin də sonu olmur.
– Sizin üçün yaxşı mətnin kriteriləri nədir?
– Məzmunun formayla uzlaşması. Onu tamamlaması, zamanı öz ürəyinin içi qədər aydın görmək və nəticə çıxartmaq.
– Dünyada kitabların nəşri artır. Amma bununla belə, bəşəriyyət sanki bir fikir dolanbacına düşüb. Bu gün insanların həyatına sosial media daha güclü təsir edir, nəinki kitab və ya qəzet. Dünya heç bir zaman olmadığı qədər “səhralaşır”.
– Çağdaş ədəbiyyatımız bu cəhətdən özündən min illərlə öncəki minilliklərdən kəskin dərəcədə seçilir. Təkcə ədəbiyyat, sənət, elmdə yox, təbiətin özündə, havada, zamanda, məkanda, insan xarakterində müəmmalı qara heybət bir duman dolaşır. Bütün virtual aləmlər belə eyni çaşdırıcı, qeyri müəyyən bir hal yaşayır. “Səhrasızlaşma” böyüyüb, həyatın sərhədlərini aşır, bütün yer üzünü çuğlayır, arxada başdan-başa kül qatı, zülmət kosmik boşluq qalacaqmı?
– Ədəbiyyatda modernistlər, postmodernistlər var. İndi də metamodernistlər çıxdı. Özünüzü hansı cərəyanda görürsünüz?
– Heç birində. Mən həmişə - istlərdən uzaq olmuşam. Çünki - istləri qəbul edən özləri tezliklə müstəqilliklərini itirib, şəkilçiləşir.
– Rafiq Tağı düşünürdü ki, yazıçı ictimai fikrin ortasında olmalıdır. Amma məsələn, siz görünmürsünüz. Xüsusən belə bir dövrdə, hər kəsin görünmək istədiyi vaxtda siz görünmürsünüz. Bu sizi narahat etmir?
– Məncə bu suala yuxarıda cavab vermişəm. Mənim də orta məktəb şagirdlərinin belə aydın başa düşəcəyi qısa, lakonik (şirin dil) təsvirli hekayələrim, povestlərim çoxdur. Ancaq mən tutduğum yolla axıracan gedəcəm. Öz yoluma ömrüm boyu sədaqətli qalacam. Öz yoluna xəyanət edənlə, istəkli dostuna xəyanət edənin cəzası bir olmalıdır. Çünki öz yolundan dönən ancaq doğma dostunu da yolundan çıxarıb, özü kimi yolsuz qoyar.
– Sizcə dünya və Azərbaycan ədəbiyyatında “şişirdilmiş” yazıçılar kimlər olub?
– “Şişirdilməmiş” yazıçılardan sonra gələnlər.
– Yazıçılar Birliyinin indiki fəaliyyəti günün, zamanın tələblərinə uyğundurmu?
– Mənə elə gəlir bu sual əsl ünvanına gəlib çatmayıb.
Söhbətləşdi: Oğuz Ayvaz