Muğan Bankın ləğv edilməsi ilə Azərbaycanda fəaliyyət göstərən bankların sayı 23-ə enib. Vətəndaşların banklara qoyduğu sərmayələrin batma ehtimalı nəzərə alınaraq, əhali bank seçimində əsasən nələrə diqqət yetirməlidir?
Ednews – a müsahibəsində iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, vətəndaşın bankın təsisçisindən tutumuş, menecment heyətinə, maliyyə hesabatlarına qədər, bank haqqında kommersiya sirri olmayan hər cür informasiyaya çıxışı olmalıdır.
“Bank seçimində çoxlu amillər nəzərə alınmalıdır. Bunların bəziləri iqtisadi amillərdir, bəziləri isə qeyri-iqtisadi amillər. Qeyri-iqtisadi amillər arasında şəffaflıq çox önəmlidir. Maliyyə bazarları inkişaf etmiş ölkələrdə şəffaflıq probleminin həlli istiqamətində bir sıra tədbirlər və mexanizmlər mövcuddur. Ancaq bizim kimi maliyyə bazarlarının inkişaf etmədiyi iqtisadiyyatlarda vəziyyət bir qədər fərqlidir. Vətəndaşın bankın təsisçisindən tutumuş, menecment heyətinə, maliyyə hesabatlarına qədər, bank haqqında kommersiya sirri olmayan hər cür informasiyaya çıxışı olmalıdır. Mərkəzi Bank da bu çıxışın olması üçün zəruri tənzimləmələri həyata keçirməlidir. Ola bilər ki, vətəndaş bu informasiyaları o qədər də düzgün dəyərləndirmək imkanında olmasın. O zaman hüquq məsləhətçilərinə, investisiya məsləhətçilərinə və digər mütəxəssilərə müraciət etməlidir. İndi Azərbaycanda bu dediyim mühit varmı?Yaradılıbmı? Bax cavablandırmalı olan böyük sual budur. Normal iqtisadiyyatlarda bankların iflası normal haldır, bu bazar iqtisadiyyatında qeyri-adi sayıla bilən hal deyil. Sadəcə bu kimi halların cəmiyyətə, iqtisadiyyata zərərlərinin minimum olması üçün qeyd etdiyim kimi məsələlər öz həllini tapmalıdır”.
Əkbər Novruz